Azərbaycan sülh və sabitlik məkanıdır TƏHLİL

Prezident İlham Əliyev: "Biz özümüzü mümkün olan risklərdən isə öz siyasətimizlə, o cümlədən uğurlu xarici siyasətimizlə qoruyuruq"

Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda dövlətimizin başçısı İlham Əliyev bu məqamı xüsusi qeyd edib ki: “Biz özümüzü mümkün olan risklərdən isə öz siyasətimizlə, o cümlədən uğurlu xarici siyasətimizlə qoruyuruq. Eyni zamanda, dünyada təhlükəsizliyə töhfəmiz də getdikcə artır. Təkcə təhlükəsizliyə yox, biz təhlükəsizliyi böyük dərəcədə şərtləndirən insanlararası, dinlərarası dialoqa da böyük töhfə veririk. Təsadüfi deyil ki, bu gün Azərbaycan dünya miqyasında multikulturalizmin mərkəzlərindən biri kimi tanınır. İlk növbədə, bu siyasət bizə lazımdır. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri çox rahat, bir ailə kimi yaşayırlar. Eyni zamanda, bu siyasət dünyaya lazımdır. Çünki bu gün dinlərarası məsələlər getdikcə narahatlıq doğurur. Toqquşmalar, anlaşılmazlıq, ayrı-seçkilik, ksenofobiya - bütün bunları biz dünyada görürük. Biz öz siyasətimizi ortaya qoyuruq, öz nümunəmizi göstəririk. Bakıda keçirilən bir çox beynəlxalq tədbirlər ən böyük beynəlxalq təşkilatlar, o cümlədən BMT, UNESCO və digər təşkilatlar tərəfindən yüksək qiymətləndirilir”.

Əlbəttə ki, zəngin mədəni-mənəvi irsə, çoxəsrlik tolerantlıq ənənələrinə, müxtəlif sivilizasiyaların qovşağında yerləşən Azərbaycanın mədəniyyətlərarası dialoq forumlarına, eyni zamanda, dini sammitlərə ev sahibliyi etməsi təsadüfi deyil. Hazırda mütərəqqi dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik, dini tolerantlıq, multikulturalizm Azərbaycan cəmiyyətinin nümunəvi normalarına çevrilib. Çoxmillətli və çoxkonfessiyalı dövlət kimi Azərbaycan bu gün dünya birliyinə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, bu termin nisbətən yeni olsa da əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir: “Biz bu gün də çalışırıq ki, öz təşəbbüsümüzlə regionda və dünyada gedən proseslərə müsbət təsirimizi göstərək. Təsadüfi deyil ki, Azərbaycan tərəfindən irəli sürülmüş bir neçə təşəbbüs artıq həyatda öz yerini tapıbdır və bu təşəbbüslər ətrafında yeni imkanlar yaranır. Əlbəttə ki, bu, bizi çox sevindirir və bu, bizim məqsədimiz idi. Əlbəttə, mən bunu dəfələrlə demişəm və son on il ərzində bu siyasəti aparmışam ki, ilk növbədə, bizim bütün səylərimiz daxildə gedən proseslərin müsbət istiqamətdə davam etməsinə yönəlsin və biz bu istiqamətdə çox böyük uğurlara nail olduq”.

Müasir dünyada baş verən müharibələrin motivlərinə nəzər salsaq, etnik-dini anlaşmazlıqların bir çox hallarda katalizator rolunu oynadığını görərik. Etnik təmizləmə siyasəti nəticəsində bu gün dünyanın onlarla ölkəsində milyonlarla insan qaçqın və məcburi köçkün şəraitində yaşayır. Belə bir şəraitdə dünyanın gələcəyinin mədəniyyətlərarası münasibətlərdən asılı olması tam ciddiliyi ilə meydana çıxır. Azərbaycan bu sahədə dünya dövlətlərinə uğurlu model hesab olunur. Məhz buna görə Azərbaycana gələn mütəxəssislər dini tolerantlığı, multikulturalizmi universal model kimi təqdim edirlər.

Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında dünyanın ikili siyasətindən və onun yaratdığı problemlərdən bəhs edir, diqqəti Xocalı soyqırımına, Dağlıq Qarabağ müharibəsi zamanı həlak olan dinc əhalinin sayına, Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi terror hadisələrinə yönəltməklə erməni faşizminin bu gün də davam etməsinə göz yuman Qərb, Avropa dövlətlərinin, beynəlxalq təşkilatların müsəlman ölkələrinə qarşı ikili standartlardan yanaşmasının beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu bildirir. “Ermənistanda islamofobiya pik həddinə çatıb. Ermənistan çox çalışır ki, müxtəlif müsəlman ölkələri ilə əlaqələrini genişləndirsin. Onların riyakar və yalan sözlərinə inanmaq lazım deyil. Azərbaycanda müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz” söyləyən Prezident İlham Əliyev erməni faşistlərinin Azərbaycanın dinc vətəndaşlarına qarşı törətdikləri terrorları vəhşilik adlandırır.

Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə təntənəli iclasda da Dağlıq Qarabağ kimi problemlə üzləşən Azərbaycanın humanitar fəlakətlə də üzləşdiyini önə çəkən dövlətimizin başçısı İlham Əliyev uzun illərdir beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan torpaqlarının 20 faizinin hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğunu qeyd edib. Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi bölgəyə erməni işğalçı qüvvələri nəzarət edir, narkotik bitkilər yetişdirirlər. Eyni zamanda, Azərbaycan xalqına qarşı etnik təmizləmə aparılıb, ekoloji və mənəvi terror törədilib. Bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə salınıb. Bu kimi halların aradan qaldırılması üçün multikulturalizm konsepsiyasına yeni yanaşma və onun müasir cəmiyyətdə getdikcə daha böyük əhəmiyyət daşıması təbiidir.

Bir sözlə, Azərbaycanda bəşəri dəyərlərə bağlılıq bu ölkənin iqtisadi, sosial inkişafında daha aydın hiss olunur. Ölkəmizin ev sahibliyi etdiyi humanitar forumlarda da qeyd edilir ki, belə tədbirləri millətlərarası dialoq adlandırmaq daha məqsədəuyğundur. Bu sahədə isə Azərbaycanın böyük təcrübəsi vardır. Şərqlə Qərb arasında körpü olan Azərbaycan xalqların birlik və əməkdaşlıq əlaqələri üçün də əlverişli, sülh və sabitlik məkanıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...