"Paşinyan hakimiyyətinin ilk testi Yerevan merinə seçkilər oldu" - Mübariz Əhmədoğlu

"Nikol Paşinyan hakimiyyətinin ilk testi Yerevan şəhər Ağsaqqallar Şurasına seçkilər oldu, bu seçkilər həm də meri seçməli idi. Baş nazir N.Paşinyanın dəstəklədiyi komik aktyor A.Marutyan 81,06 faiz səslə qalib gəldi. Bu 294 min109 seçicinin səsi deməkdir. Yerevan şəhərində seçici siyahılarına 848 min 343 nəfərin adı daxil edilmişdi. Hesablasaq N.Paşinyanın namizədi olan A.Marutyanın 34, 67 faiz səsin qazandığını görərik". Bunu SİA-ya açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq bildirib ki, Yerevanda seçicilərin ümumi sayının 848 min 343 nəfər olması şübhə doğurur: "Yerevanda cəmi 1 milyon hüdudlarında əhali yaşayır. Xarici vətəndaşların səsvermədə iştirakına icazə verilsə də bu barədə xüsusi iri rəqəmlərə rast gəlmədik. A.Marutyanın təbliğat kampaniyasını şəxsən N.Paşinyan özü aparırdı. Hətta A.Marutyanın xatirinə N.Paşinyan Dağlıq Qarabağa qoşunların təmas xəttinə gəldi, Kəlbəcərdən Gəncəyə binokl tuşladı. Yerevana qayıdarkən yolda ölkəsinin müharibəyə hazır olduğunu bəyan etdi. A.Marutyanın təbliğat mitinqində N.Paşinyan bu vaxtadək erməni tərəfinin 3-4 Azərbaycan hərbçisini öldürdüyü barədə məlumat verdi.

Başqa sözlə, N.Paşinyan A.Marutyanın seçilməsi üçün var qüvvəsi ilə çalışdı. Nəinki çalışdı, hətta xalqın adından parlamenti buraxacağı ilə digər siyasi qüvvələri hədələdi. Bütün bunların hamısının nəticəsi 34,67 faiz oldu. 4 ay bundan öncə N.Paşinyanın reytinqi 100 faiz idi. 2,5 ay bundan öncə 94 faizə düşdü. 1 ay bundan öncə 40 %-ə endi. Təbliğat kampaniyası dövründə A.Marutyanın reytinqi 22 faizə düşdü. A.Marutyanın reytinqi elə N.Paşinyanın reytinqi deməkdir. N.Paşinyanın hədələri və polisin müdaxiləsi əhalini qorxutdu. Seçkidə iştirak edənlərin ümumi sayı azaldı, təxminən 44 faiz oldu. Bu da A.Marutyanın (Oxu: N.Paşinyanın) reytinqini 34,67 faizə qaldırdı".

M.Əhmədoğlu qeyd edib ki, Yerevan şəhər merliyinə seçkilər daha bir problemin üstünü aşkarladı: "Polisə edilən anonim zənglər seçkinin gedişini dəyişə bilər. Məhz belə anonim zənglər nəticəsində polis “Çiçəklənən Ermənistan” partiyasının qərargahında 2 dəfə yoxlama apardı. Yerevan şəhər merliyinə seçkilər siyasi prizmadan daha maraqlıdır:

ı. N.Paşinyanın reytinqi sürətlə aşağı düşür.

ıı. Seçicilərin iştirakının sayının az olması görünür N.Paşinyanın son variantı idi. ABŞ-a gedərkən yolüstü Paris aeroportundan FB vasitəsilə canlı efirə çıxdı, iştirakçıların sayının azlığından qorxmamağı tövsiyə etdi. Onun fikrincə, bu seçkilərdə “qazellərlə” seçicilər daşınmır. Əslində bu N.Paşinyanın etirafı olmaqla yanaşı, həm də acizliyi idi. Onun sözü ilə Yerevan şəhərinin böyük əksəriyyəti evindən ən uzağı 500-600 m məsafəyə gedib, səsvermədə iştirak etmədi.

ııı. N.Paşinyan parlament seçkilərinə getməyin vaxtını irəli çəkməyə məcburdur. Çünki reytinqi sürətlə aşağı düşür. 22 faizin 34,67 faizə qalxmasının səbəbi həm də R.Köçəryana nifrət faktoru ola bilər. Yaxın zamanlarda A.Marutyanın da səhvləri N.Paşinyanın səhvlərinin sayını daha da artıracaq. Eləcə də “Sasna srerçilər” müstəqil qüvvə kimi formalaşacaqlar. “Sasna srerçilər” S.Sərkisyan, R.Köçəryana müxalif olmaqla yanaşı həm də N.Paşinyana müxalifdir. N.Paşinyan mer seçkilərinin təbliğat kampaniyası dövründə parlamentin buraxılmasını aktuallaşdırmışdı. O zaman bu hədə idisə, indi artıq N.Paşinyan üçün zərurətə çevrilir. N.Paşinyanın atdığı addımlar əks-effekt verir".

Bütün xəbərlər Facebook səhifəmizdə