YAP Yasamal rayon təşkilatı hesabat seçki yığıncağı keçirib

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının Kənd Təsərrüfatı Nazirliyi üzrə ərazi ilk partiya təşkilatının hesabat seçki yığıncağı keçirilib. Nazirlikdən SİA-ya verilən məlumata görə, yığıncaqda çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov son illər Prezident İlham Əliyev tərəfindən Azərbaycanda qeyri-neft sektoruna göstərilən yüksək diqqətin nəticəsi kimi iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sahənin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyib. Nazir qeyd edib ki, bu diqqət sayəsində kənd təsərrüfatı sahəsində sosial iqtisadi göstəricilər yüksəlib və respublikada bu sektorun inkişafı prosesində əhəmiyyətli uğurlar əldə olunub.

İnam Kərimov YAP-ın ölkənin müstəqilliyinin möhkəmlənməsində müstəsna xidmətlərə malik olduğunu vurğulayıb, partiya hakimiyyətə gəldikdən sonra bütün sahələrdə, o cümlədən aqrar sahədə sürətli inkişafın baş verdiyini deyib. Hesabat-seçki yığıncağının iştirakçılarına uğurlar diləyən İnam Kərimov ümidvar olduğunu bildirib ki, YAP üzərinə düşən tarixi missiyanı bundan sonra da layiqincə yerinə yetirəcək.

Yığıncaqda çıxış edən Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının Kənd Təsərrüfatı Nazirliyi üzrə ərazi ilk partiya təşkilatının sədri Murtuzəli Hacıyev ötən dövrlər ərzində görülən işlər barədə məlumat verib, təşkilatın partiyanın bütün işlərində fəal iştirak etdiyini vurğulayıb.

YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov çıxış edərək partiyanın yaranma tarixindən, partiyanın qurucusu ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın bu gün gördüyü işlərdən, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafına verdiyi töhfələrdən danışıb. Kənd Təsərrüfatı Nazirliyi üzrə ərazi ilk partiya təşkilatının hesabat seçki yığıncağının iştirakçılarına uğurlar diləyən T.Əhmədov onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Daha sonra yığıncaqda Kənd Təsərrüfatı Nazirliyi üzrə ərazi ilk partiya təşkilatının İdarə Heyətinə seçkilər keçirilib. İdarə Heyəti formalaşdıqdan sonra sədr postuna kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovun namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində Seyfəddin Talıbov ərazi ilk partiya təşkilatının, nazirliyin insan resurslarının idarə edilməsi üzrə iş şöbəsinin müdiri Elvin Paşayev isə onun müavini seçilib.

Yığıncağın sonunda Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş nazirlik əməkdaşlarına medalların təqdim olunması mərasimi keçirilib. Təltif olunanlara medalları kənd təsərrüfatı naziri İnam Kərimov, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov təqdim ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə