“Münaqişənin həlli ABŞ-ın Cənubi Qafqazdakı mövqelərini möhkəmləndirə bilər” MÜSAHİBƏ

Millət vəkili Azər Badamovun SİA-ya müsahibəsi

- Azər müəllim, ABŞ prezidenti Donald Tramp bildirib ki, yaxın aylarda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı imkanlar açılacaq. ABŞ prezidenti imkanlar açılacaq deyəndə nəyi nəzərdə tutur?

- ABŞ ATƏT-in yaratdığı Minsk Qrupunun həmsədrlərindən biridir. ABŞ bu qurum daxilində münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində kifayət qədər iştirak edib və məlumatlıdır. Əgər bu ölkənin prezidenti belə bir fikir açıqlayırsa demək olar ki, Donald Tramp nəyəsə istinad edir. Çünki, münaqişə kifayət qədər uzun müddətdir ki, həll olunmur və vəziyyət mürəkkəb olaraq qalmaqdadır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq qlobal xarakter daşıyır və dünyanı narahat edən münaqişələrin sırasındadır. Onu da qeyd etmək lazımdır ki, bu münaqişənin həll olunmasında ABŞ-ın imkanları və təsir gücü kifayət qədər mövcuddur. Həm də Paşinyan da hakimiyyətə məhz qərbin dəstəyi ilə gəlmişdir. Bütün bunları nəzərə alaraq demək olar ki, ABŞ istəsə münaqişənin həllində müəyyən pozitiv dəyişikliklər yarada bilər. Düşünürəm ki, ABŞ-ın təşəbbüsü və istəyi ilə münaqişə ədalətli həll olunarsa Donald Tramp dünyada sülhün yaradılmasına verdiyi töhfələrinə görə Nobel mükafatı ala bilər.

- ABŞ prezidentinin bu qətiyyətli mövqeyi münaqişənin həllinə ümidlər yarada bilər?

- Təbii ki, münaqişənin həllinə həmişə ümidlər var. Azərbaycanın ərazi bütövlüyü dünya ölkələri tərəfindən qəbul olunmuşdur. BMT-nin Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının qeyd-şərtsiz işğaldan azad olunması üçün dörd qətnamə qəbul etmişdir. Başqa beynəlxalq təşkilatlar da bu münaqişəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının tərəfdarıdırlar. Torpaqlarımızın işğaldan azad ediləcəyinə və qaçqınlarımızın öz doğma torpaqlarına qayıdacağına həmişə ümidlərimiz var. Məhz reallığa söykənən ümidlərimiz olduğuna görə heç Ermənistanın özü də Dağlıq Qarabağı ayrı ölkə kimi tanımır və tanıya bilmir. ABŞ prezdentinin qətiyyətli mövqeyi danışıqlar yolu ilə münaqişəyə son qayma prosesini sürətləndirə bilər və ümidlərimiz daha böyüyər.

- ABŞ-ın münaqişənin həllinə fəal müdaxiləsi Rusiya tərəfindən qısqanclıqla qarşılanmayacaqki?

- ABŞ Cənubi Qafqaza da öz mövqelərinin möhkəmləndirilməsində maraqlıdır. Cənubi Qafqazın əsas aparıcı ölkəsi Azərbaycan olduğuna görə ölkəmizin ərazi bütövlüyünün bərpasında iştirak etməsi və qətiyyətli mövqe sərgiləyərək münaqişənin həll etdirilməsi ABŞ-ın Cənubi Qafqazdakı mövqelərini möhkəmləndirə bilər. Təbii ki, ABŞ-ın Cənubi Qafqaza ayaq açması Rusiyanın ürəyincə olmaz və böyük qısqanclıq yarada bilər. Amma burda bir məsələni də qeyd etmək istəyirəm ki, ABŞ-ın münaqişənin həll edilməsində yaxından iştirakını görərsə Rusiya dərhal hərəkətə keçər və özü ABŞ-ı qabaqlayaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdirə bilər. Bizə isə maraqlısı torpaqlarımızın işğaldan azad edilməsi və qaçqınlarımızın öz doğma yurdlarına qayıtmasıdır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə