"Dövlət başçısı Ermənistana mühüm mesajlar göndərdi" RƏY-ÖZƏL

“Ötən gün Azərbaycan parlamentinin yaranmasının 100 illiyinə həsr olunan tarixi iclas keçirildi. İclasda 42 ölkənin nümayəndə heyəti, parlament sədrləri, rəsmilər iştirak etdi. Azərbaycan Prezidenti İlham Əliyev iclasda geniş nitq ilə çıxış edərək, Parlamentin keçdiyi tarixi yol haqqında iclas iştirakçılarını məlumatlandırmaqla yanaşı, 100 il bundan öncə dövlətçilik ənənələrini də əsasının qoyulması ilə fəxr etdiyini bildirdi”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, ölkə başçısı çıxışı zamanı Azərbaycan parlamentinin bugünkü fəaliyyətinə diqqəti çəkərək, qanunvericilik bazasının yaradılmasında Milli Məclisin mükəmməl fəaliyyət göstərdiyini qeyd edib: “Prezident parlamentarilərin beynəlxalq arenada ölkəmizi yüksək səviyyədə təmsilini, haqq səsinin çatdırılması istiqamətində fəaliyyətini yüksək qiymətləndirərək, dünya ilə münasibətlərin qurulmasında Azərbaycan Milli Məclisinin rolunu xüsusi vurğuladı. Ölkə başçısı söylədi ki, Azərbaycan parlamenti bu gün demokratik parlament olaraq dünya üçün nümunədir”.

Ölkə başçısının yubiley tədbirində çıxışı zamanı həm də Ermənistana mühüm mesajlar göndərdiyini xüsusi vurğulayan A.Badamov söyləyib ki, prezident Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bu gün ölkəmizin güclü orduya malik olduğunu və torpaqlarımızın işğal altında olmasına baxmayaraq, düşməndən qat-qat güclü olduğunu beynəlxalq ictimaiyyətin diqqətinə bir daha çatdırmış oldu: “Çıxış zamanı bu gün Paşinyanın Azərbaycan haqqında sərsəm bəyanatlarının sülh prosesinə təsir etməyə xidmət etdiyi və bunun davamlı olacağı təqdirdə ölkəmizin hərbi variantdan istifadə edəcəyini və bunun məsuliyyətinin Ermənistan üzərinə düşdüyü vurğulandı”.

Deputat qeyd edib ki, ümumilikdə parlamentin 100 illiyi ilə bağlı tədbir möhtəşəm təşkil olunmuşdu: “Tədbir zamanı çıxış edən qonaqların da fikirlərini əsas götürsək deyə bilərik ki, Azərbaycan qədim tarixə, eləcə də qədim parlament ənənəsinə malik ölkədir. 100 il bundan öncə Şərqdə yaranan ilk demokratik ölkə olan Azərbaycanda qadınlara seçki hüququnun verilməsi qürur verici faktdır. Çünki, inkişaf etmiş ölkələrin bir çoxunda seçib-seçilmək hüququ Azərbaycandan sonra verilib. Biz fəxr edirik ki, İslam dünyasında bu cür hüquqlarla təsbit edilən ilk parlament məhz Azərbaycanda olub”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...