Hərbi ekspert: “Beynəlxalq qurumlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır” ÖZƏL-ŞƏRH

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dağlıq Qarabağla münasibətlərində, yanaşmasında heç bir dəyişiklik yoxdur. Ümumiyyətlə ölkə başçısı ilk gündən bildirib ki, Azərbaycanın öz ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verilməyəcək. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və nəyin bahasına olursa-olsun işğal olunmuş torpaqlarımız azad ediləcək. Mənə elə gəlir ki, bu ifadələr düz 25 il ərzində daimi səsləndirilir. Qarabağ Azərbaycanın ərazisidir. Bu beynəlxalq hüquq normaları çərçivəsində də öz əksini tapıb. Beynəlxalq qurumlar da Azərbaycanın ərazi bütövlüyünü tanıyır”. Bunu SİA-ya açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, cənab Prezident İlham Əliyev ötən gün Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə çıxışında birmənalı olaraq bildirdi ki, “Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan öz prinsipial mövqeyindən geri dönməyəcək”: “Bu gün Azərbaycan regionda gedən bütün meqalayihələrin iştirakçısıdır. Bu həm Azərbaycanın bugünkü iqtisadiyyatını, təbii sərvətini, sabitliyini, həm də ölkəmizin ərazisində keçən bütün dəmir və su yolu nəqliyyatını əhatə edir. Təbii ki, Dağlıq Qarabağ məsələsində Azərbaycanın tutduğu mövqeyinə, apardığı siyasətinə görə, Ermənistan heç Dağlıq Qarabağı özünə birləşdirə bilmir. Çünki bütün bunlar beynəlxalq hüquq normalarına ziddir. Digər tərəfdən Azərbaycanın güclü geosiyasi arenada mövqeyi, qətiyyətliyi bu istiqamətdə hansısa addım atmağa imkan vermir. Artıq Azərbaycanın başqa yolu olmadığı üçün güc variantına əl atacağı və öz işğal olunmuş torpaqlarını Silahlı Qüvvələrin gücü ilə azad edəcəyi barəsində bəyanatlar da verilib. Prezident İlham Əliyev bütün çıxışlarında bu fikri irəli sürüb.

Düşünürəm ki, son keçirilən uğurlu təlimlər də, gecə atışları da onu göstərir ki, Azərbaycan ordusu bu gün istər gündüz, istərsə də gecə, məhdud görmə şəraitində, hər hansı bir kəskin ərazidə döyüşlər aparmağa qadirdir. Təbii ki, son təlimlər də onu göstərdi”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə