“Tədbir ölkə idarəçiliyində parlamentarizmə verilən önəmin göstəricisi idi” AÇIQLAMA-ÖZƏL
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin təntənəli şəkildə qeyd olunması barədə dövlət başçısının sərəncamı Azərbaycan dövlətçiliyində varislik ənənələrinə çox yüksək səviyyədə münasibət göstərildiyinin bariz nümunəsidir. Xüsusilə də Azərbaycan Parlamentinin 100 illik təntənəli tədbirlərinin təntənəli keçirilməsinə yüksək qayğının və təşkilatçılığın nümayiş etdirilməsi, dövlətimizin bu gün ölkə idarəçiliyində, parlamentarizmin prinsiplərinə böyük önəm verdiyinin əlamətidir”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
O bildirib ki, parlamentin 100 illiyinin qeyd olunmasında bir sıra ölkə rəhbərlərinin iştirakı Azərbaycanın parlamentarizm ənənələrinə dünya miqyasında müəyyən maraq və diqqətin olduğunun göstəricisidir.
Azərbaycan prezidenti İlham Əliyevin Milli Məclisin 100 illik yubileyi ilə bağlı keçirilən tədbirdə çıxışı xüsusi vurğulayan A. Quliyev dövlət başçısının çıxışında bir sıra maraqlı tezislərin olduğunu dilə gətirib: “Dövlətçiliyimizin əldə edilməsində və bu gün əldə olunan nailiyyətlərdə Azərbaycanın indiki parlamentinin xüsusi rolunun vurğulanması, həm indiyə qədər görülən işlərə yekun, həm də parlamentin gələcəkdə dövlət quruculuğunda çox böyük rol oynayacağına bir işarədir”.
Onun sözlərinə görə, Azərbaycan parlamenti ölkənin iqtisadi, siyasi, sosial, mədəni və beynəlxalq proseslərdə fəaliyyətinin, qanunvericilik bazasının yaradılmasında çox böyük rol oynayıb: “Bu gün Azərbaycan qədər MDB məkanında təkmil qanunvericilik yaradıcılıq prosesinə malik olan az-az ölkələr tapmaq mümkündür”.
A. Quliyev qeyd edib ki, Azərbaycan prezidentinin ölkənin parlamenti ilə münasibətlərdə həmişə həssas və işgüzar davranması diqqəti çəkən faktlardan biridir: “ Dəfələrlə dövlət başçısının Milli Məclisin iclaslarında iştirak etdiyini, başqa ölkələrdən gələn həm parlament nümayəndələrinin, həm də ali icra hakimiyyəti orqanları rəhbərlərinin - prezidentlərin birlikdə iştirakını müşahidə etmişik. Azərbaycan prezidenti dünyanın bir sıra ölkələrinə dövlət başçısı olaraq qanunverici hakimiyyətlə davranışın modellərini göstərir. Bir sözlə ifadə etsək, Prezident İlham Əliyevin dövlət idarəçiliyində parlamentin roluna verdiyi qiymət həm gedən proseslərin indiyə qədər ki tarixinə yekun vurmaq, həm də ölkə idarəçiliyinin bundan sonrakı tarixində parlamentimizin daha böyük rol oynayacağına verilən işarə idi”.
Bütün xəbərlər Facebook səhifəmizdə