Trampdan Paşinyana Dağlıq Qarabağ XƏBƏRDARLIĞI

ABŞ prezidenti Donald Tramp Ermənistanın baş naziri Nikol Paşinyana Dağlıq Qarabağ münaqişəsinin həllim ilə bağlı mesajlar verib. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, ABŞ lideri düşmən ölkə rəhbərinə göndərdiyi məktubda qeyd olunanlar Ermənistan tərəfindən narazılıqla qarşılanıb. Belə ki, Tramp məktubunda Ermənistanın problemin sülh yolu illə həllinə çağırış edərək ABŞ-ın da bu istiqamətdə onlarla işləməyə hazır olduğunu ifadə edib:

“Önümüzdəki aylarda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar yaranacaq ki, bu da ABŞ-Ermənistan tərəfdaşlığı üçün yeni imkanlar aça bilər. ATƏT-in Minsk Qrupunun üzvü olan ABŞ münaqişənin uzun müddətli və sülh yolu ilə həlli üçün sizinlə işləməyə hazırdır”, - deyə məktubda qeyd olunub.

Erməni mətbuatında yazılanlara görə, lider bu məktubu ilə ya ABŞ-ın problemin həlli ilə əlaqədar ssenari hazırladığını ya da, yeni Ermənistan səlahiyyətlilərinə verilən vaxtın sona çatması və Dağlıq Qarabağın sülh yolu ilə həllinin zamanı olduğunu bəyan edib. Müstəqillik Günü ərəfəsində Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın BMT-nin Baş Assambleyası çərçivəsində erməni tərəfinin Paşinyan-Tramp görüşünü təşkil edə bilmədiyini qəbul etməsini nəzər alsaq Trampın Ermənistan qarşısında qoyduğu suallara cavab vermək çox çətindir.

ABŞ liderinin yaxın müddətdə münaqişənin həlli ilə bağlı yeni imkanların açılması ilə bağlı mesajı Ermənistan tərəfinə həll prosesini ən azı aktivləşdirmək göstərişini, əlbəttə ki, Ermənistan və Azərbaycan rəhbərləri səviyyəsində danışıqların bərpasını nəzərdə tutub.

Dağlıq Qarabağ problemi yeni erməni hökumətinin mühüm imtahanlarından biridir: Bu məsələnin həlli ilə bağlı Nikol Paşinyanın heç bir konsepsiyası yoxdur. Məhz bunun nəticəsidir ki, Paşinyan baş nazir postunu qazandıqdan bir gün sonra danışıqlarda qondarma Dağlıq Qarabağın iştirakının zəruriliyini bildirdi. Paşinyanın bu bəyanatları Ermənistanı bu fikirləri düzəltməyə məcbur etdi.

Bütün bunlar göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər yaxın müddətdə aktivləşəcək. Bu baxımdan Ermənistan rəhbərliyi arıq danışıqlar prosesinə aydın konsepsiya ilə daxil olmalıdır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə