"Prezidentin çıxışı Paşinyana xəbərdarlıq mesajları ilə zəngin idi” ŞƏRH

“Azərbaycan prezidenti İlham Əliyevin sentyabrın 21-də Milli Məclisdə Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə təntənəli iclasındakı çıxışının əsas tezisləri Ermənistanın işğalçılıq siyasətinə və işğal altındakı torpaqlarla bağlı rəsmi Bakının atacağı addımlara həsr olunmuşdu”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

“Birincisi, Prezident qeyd etdi ki, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli, beynəlxalq hüquqa söykənən, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul ediblər. Bu o deməkdir ki, İlham Əliyev Avropa strukturlarının Dağlıq Qarabağ münaqişəsinə mövqeyindən razıdır;

İkincisi, Prezident qeyd etdi ki, Ermənistanın yeni rəhbərliyi Dağlıq Qarabağla bağlı öz siyasətində ciddi düzəlişlər etməlidir. İlham Əliyevin fikrincə, Ermənistan hazırki hakimiyyət nümayəndələrinin açıqlamaları münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir. Bunu prezidentlə yanaşı kənar ekspertlər də vurğulayırlar.

Üçüncüsü, Prezident qeyd etdi ki, bəzi beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı ikili standartlar siyasəti aparılır. Çünki beynəlxalq təşkilatların Azərbaycanla bağlı tənqidi hesabatlar hazırlayırlar, ancaq Ermənistandakı pozuntuları diqqətə almırlar. İlham Əliyev ona işarə etdi ki, Ermənistanda 2008-ci ildə prezident seçkisi zamanı 10 nəfər qətlə yetirildi. Buna baxmayaraq, beynəlxalq təşkilatlar o zaman prezident seçilən Serj Sərkisyanı sərt tənqid etmədilər, onunla dərhal əməkdaşlığa başladılar. Ermənistanın indiki baş naziri Nikol Paşinyan isə məhz 2008-ci il hadisələrinə görə Serj Sərkisyanı və onun digərlərini həbs etmək istəyir.

Dördüncüsü, Azərbaycan Prezidenti qeyd etdi ki, Ermənistanda iqtisadi və sosial vəziyyət ağırdır. Ermənistanın bu vəziyyətdən çıxması üçün yeganə yolu var: Ermənistan Azərbaycan torpaqlarının işğalına son qoymalıdır! İlham Əliyev ona işarə etdi ki, Ermənistan hakimiyyətinin siyasəti hərbi toqquşmanı yaxılaşdırır.

Beşincisi, Prezident qeyd etdi ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda status almayacaq. “Biz bütün imkanlardan istifadə edirik və edəcəyik ki, ərazi bütövlüyümüzü bərpa edək” – bu İlham Əliyevin əsas cümləsidir. İlham Əliyevin bir başqa açıqlaması da diqqəti cəlb edirdi: “Əgər işğalçılıq siyasəti olmasaydı, Ermənistan Azərbaycanın imkanlarından faydalana bilərdi. Azərbaycan Ermənistanı tam təcrid edib və bu siyasətini davam etdirəcək”.

İlham Əliyevin səsləndirdiyi tezislərindən görünür ki, Azərbaycan Prezidenti Ermənistanın baş naziri Nikol Paşinyanın açıqlamalarını və siyasətini diqqətlə izləyir. İlham Əliyevin bu çıxışı Paşinyana və erməni cəmiyyətinə xəbərdarlıq mesajları ilə zəngin idi”-deyə, E.Şahinoğlu fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə