Azərbaycan-Küveyt əlaqələri inkişaf edir

Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycan parlamentinin 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün ölkəmizdə səfərdə olan Küveyt Millət Məclisinin sədri Mərzuq Əli əl-Ğanim ilə görüşüb. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, sədr qonağı səmimi salamlayaraq dedi ki, müstəqil Azərbaycan Körfəz Əməkdaşlığı Şurası ölkələri ilə, o cümlədən Küveyt ilə əlaqələrin inkişafına xüsusi önəm verir. Spiker qonağın ölkəmizə ilk səfərinin dövlətlərimiz arasındakı dostluq münasibətlərinin daha da dərinləşməsinə xidmət edəcəyinə inamını ifadə edib.
Sədr siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu deyərək, dövlət başçılarının bu sahədəki rolunu xüsusi vurğulayıb. Bildirilib ki, siyasi dialoqun gələcəkdə də davam etdirilməsi iqtisadi münasibətlərimizin inkişafına da öz müsbət təsirini göstərəcək. Təqdirəlayiq haldır ki, hər iki ölkənin parlamentlərində dostluq qrupları yaradılıb. Deputatlarımızın qarşılıqlı səfərləri, beynəlxalq təşkilatlarda mütəmadi görüşləri zamanı onları düşündürən məsələlər ətrafında müzakirələr aparması ümumi məqsədlərə xidmət edir.
Qəbulda Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsindən söz açan Spiker bu məsələdə Küveytin Azərbaycanın mövqeyini dəstəkləməsini yüksək dəyərləndirib.
Sədr Azərbaycan parlamentinin 100 illiyi münasibəti ilə keçirilən tədbirdə iştirakına görə qonağa təşəkkür edərək onu ölkəmizə rəsmi səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olunub.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Küveyt Millət Məclisinin sədri Mərzuq Əli əl-Ğanim Azərbaycan parlamentinin 100 illiyi münasibəti ilə Milli Məclisin Sədrini, deputatları və Azərbaycan xalqını təbrik etdi. Bildirildi ki, Azərbaycanın əldə etdiyi uğurlar Küveyt xalqını da sevindirir. Parlamentlər səviyyəsində münasibətlərimizin dərinləşməsi həyatın digər sahələrinə də təsir edir.
Küveyt xalqı ağır günlərdə Azərbaycanın onu dəstəklədiyini heç vaxt unutmayacaq. Biz dost və qardaş ölkələrik. Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyirik. Problemin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdarıq.
Qəbulda tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Küveytlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Hüseynbala Mirələmov və digər rəsmi şəxslər iştirak ediblər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə