Xələf Xələfov isveçrəli həmkarı ilə görüşüb

21 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini cənab Xələf Xələfov İsveçrənin xarici işlər üzrə dövlət katibinin müavini xanım Kristina Marti ilə Berndə görüşüb. SİA-nın verdiyi məlumata görə, görüşdə İsveçrə rəsmisi iki ölkə arasında çox yaxşı əlaqələrin mövcud olduğunu bildirib, Azərbaycan və İsveçrə prezidentlərinin Ümumdünya İqtisadi Forumunun illik Davos iclasları çərçivəsində görüşlərini və mütəmadi dialoqunu yüksək qiymətləndirib.

Xələf Xələfov öz növbəsində iki ölkə arasında siyasi dialoqun aparılmasını və təmasların həyata keçirilməsini, o cümlədən mütəmadi olaraq XİN-lərarası siyasi məsləhətləşmələrin və ikitərəfli yüksək səviyyəli səfərlərin vacibliyinə diqqət çəkib.

Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinə toxunan Xələf Xələfov bildirib ki, münaqişənin sülh yolu ilə həlli BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi və işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsindən keçir. Bununla belə, Ermənistanın hazırkı siyasi rəhbərliyi münaqişənin sülh yolu ilə həllinə konstruktiv mövqe göstərmək əvəzinə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının möhkəmləndirilməsi məqsədini daşıyan, bir-birinə zidd siyasi bəyanatlarla çıxış edir ki, bu da sülh danışıqlarına yönəlmiş səyləri pozur, bölgədə mövcud olan zərif sabitliyə və təhlükəsizliyə təhdid yaradır. Hadisələrin bu kontekstdə inkişafına və onun təhlükəli nəticələrinə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.

Görüşdə eyni zamanda Azərbaycan və İsveçrə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensialın olduğu vurğulanıb. Xüsusilə qeyri-neft sektoru, sənaye, nəqliyyat-kommunikasiya, kənd təsərrüfatı, əczaçılıq, turzim sahələrində həyata keçirilən milli və regional layihələrdə İsveçrə şirkətləri iştirak etməyə dəvət edilib. Bundan başqa, peşə təhsili sahəsində əməkdaşlıq imkanları da müzakirə edilib.

Görüşdə Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın imzalanmasının regional və beynəlxalq əhəmiyyəti qeyd edilib, Xəzər dənizi vasitəsilə həyata keçirilən Şərq-Qərb nəqliyyat dəhlizi layihəsinin həm regional, həm beynəlxalq səviyyədə yaratdığı imkanlar, həmçinin ölkəmizin təşəbbüsü ilə həyata keçirilən beynəlxalq enerji layihələri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Xanım İbrahimova da iştirak edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə