Azərbaycanın qanunvericilik bazası ən yüksək meyarlara cavab verir ANALİZ

Prezident İlham Əliyev: “Azərbaycan öz milli maraqlarını tam təmin edir”

Məlum olduğu kimi, bu il Şərqin ilk qanunvericilik orqanı olan Azərbaycan parlamentinin 100-cü ildönümü tamam olur və bu qürurlu tarix ölkəmizdə böyük fəxrlə qeyd olunmaqdadır. Belə ki, Milli Məclisdə Azərbaycan parlamentinin yaradılmasının 100-cü ildönümünə həsr olunmuş təntənəli iclas keçirilib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev orada çıxış edərək, bir sıra aspektlərə toxunub, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını tarixi hadisə kimi qiymətləndirib.

Dövlət başçımız öz çıxışında eyni zamanda vurğulayıb ki, Azərbaycanın qanunvericilik bazası ən yüksək meyarlara cavab verir. Prezident İlham Əliyevin bu fikirlərindən belə nəticəyə gəlmək olar ki, məhz bu amil ölkəmizin demokratik dəyərlərə cavab verməsində öz mütərəqqi rolunu oynamaqdadır.

Ölkə rəhbərimiz öz çıxışında digər mühüm məsələlərə də toxunub və əsas olaraq, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ölkəmizin mövqeyi barədə vurğulayıb. “Dağlıq Qarabağ məsələsində Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilməyəcək”, deyə vurğulayan dövlət başçımız ölkəmizin regiondakı nüfuzunun da yüksək olduğunu qeyd edib. Belə ki, Azərbaycan bir sıra regional və beynəlxalq layihələrdə təşəbbüskar və əsas iştirakçı rolunu uğurla həyata keçirməkdədir: “Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə heç bir layihənin reallaşdırılması mümkün deyil”.

Söz yox ki, ölkəmizin iqtisadi gücü onun siyasi tərəflərini də önə çıxarır və Azərbaycanın beynəlxalq təhlükəsizlik məsələlərinin təminatçısı kimi yeri məhz birincilər sırasındadır. Cənab İlham Əliyev bu faktora da toxunaraq qeyd edib: “Azərbaycanın bütün sahələrdə gücü artır”.

Ölkə başçımız həmçinin bildirib ki, Azərbaycan dünyadakı təhlükəsizliyə mühüm töhfə verməkdədir.

Ölkəmizin artıq uzun illərdir ki, multikultural və tolerantlıq mərkəzi kimi dünya miqyasında tanınması, dəyərləndirilməsi paytaxt Bakıda və bölgələrimizdə keçirilən beynəlxalq tədbirlər fonunda da öz təsdiqini tapmaqdadır. Əbəs deyil ki, dövlətimizin başçısı bununla bağlı öz çıxışında vurğulayıb: “Azərbaycan dünyanın multikultural mərkəzlərindən birinə çevrilib”.

Eyni zamanda, “Azərbaycan öz milli maraqlarını tam təmin edir”, deyə vurğulayan Prezident İlham Əliyevin bu əhəmiyyətli fikirlərindən də belə nəticəyə gəlmək olar ki, ölkəmizdə milli maraqlar yüksək səviyyədə qorunur və inkişaf etdirilir, tariximiz, milli mədəniyyətimiz, ənənələrimiz və s. dəyərlərimiz qorunur və gələcək nəsillərimizə çatdırılır.

Beləliklə, dövlət başçımızın nitqindən həm də belə nəticəyə gəlmək olar ki, müstəqil və müasir, demokratik əsaslara söykənən Azərbaycan dövləti bundan sonra daha böyük və tarixi uğurlara imza ataraq, beynəlxalq aləmdəki yüksək mövqeyini qoruyub-saxlayacaq, inkişaf etdirəcək.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...