Musa Quliyev: “Prezidentin çıxışı Ermənistanda əks-səda verib" ÖZƏL-ŞƏRH

“Azərbaycan Parlamentinin 100 illik iclasında dünyanın müxtəlif ölkələrindən bir çox beynəlxalq təşkilatlardan 260-a yaxın qonaq iştirak edirdi. Həmin şəxslər öz ölkələrində nüfuz sahibi, söz sahibi olan insanlardırlar”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev deyib.

Deputatın sözlərinə görə, iclasda 15 ölkənin spikeri, eləcə də bir çox ölkələrin vitse-spikerləri təmsil olunurdu: “Həmçinin Dostluq qrupunun rəhbərləri gəlmişdi və s. Bunların qarşısında cənab Prezident öz çıxışında bir daha vurğuladı ki, Azərbaycan müstəqil, demokratik, güclü bir dövlətdir, öz siyasətini özü müəyyənləşdirir, demokratiya yolu ilə inamla gedir və dünyaya öz töhfələrini verir. Azərbaycan hər kəslə dostluq, əməkdaşlıq, tərəfdaşlıq niyyətindədir və bunu da edir. Yalnız Ermənistan Azərbaycan ərazilərini işğal etdiyinə görə işğalçı ölkə ilə Azərbaycanın münasibətləri o zaman düzələ bilər ki, Azərbaycanın işğal edilmiş torpaqlarından erməni əsgəri çıxsın. Beləcə bir milyona yaxın qaçqın və məcburi köçkün öz ata-baba yurdlarına qayıtsın.

Prezident İlham Əliyev iclasda olan bütün nümayəndələrin qarşısında bir daha qeyd etdi ki, biz beynəlxalq müqavilələrə, o cümlədən beynəlxalq təşkilatların qərarlarına hörmətlə yanaşırıq. BMT-nin, ATƏT-in, Avropa Şurasının, Avropa Birliyinin qərarlarında göstərilir ki, Ermənistan qeyri-şərtsiz torpaqları işğaldan azad etməlidir. Əgər Ermənistan bu nüfuzlu təşkilatların qərarlarına riayət etmirsə onda bu təşkilatlar hörmətdən, nüfuzdan düşür. Eyni zamanda cənab Prezident bildirdi ki, əgər sülh yolu ilə bu məsələlər çözüləcəksə biz buna sadiqik. Amma erməniləri sülhə məcbur etməkdə, bu gün onların iqtisadi cəhətdən çökdürülməsində Azərbaycan bacardığını edib. Ermənistan səfalət, yoxsulluq içərisindədir. 20 ilə yaxın bir müddətdə Ermənistana rəhbərlik edən hər bir şəxs də işğalçı ölkəni çökmüş bir vəziyyətə gətirib çıxardı. Nəhayət Ermənistanda dövlət çevrilişi baş verdi.

Ölkə başçısı çox doğru söylədi ki, yeni gələn rəhbərlik əgər real yol tutarsa, reallıqla, həqiqətlə barışarsa, Azərbaycan torpaqlarının, ərazi bütövlüyünün təmin olunmasında, torpaqların işğaldan azad edilməsində real addımlar atarsa Ermənistan üçün də yaxşı olar. Əgər bu addımları atmayacaqsa, Ermənistan tamamilə məhvə məhkum bir dövlətdir. Azərbaycan istənilən halda öz torpaqlarını işğaldan azad edəcəkdir. Heç bir halda razı olmayacaq ki, Azərbaycan torpaqlarında bir erməni dövləti qurulsun. Bu dünyanın bir çox ölkələrindən gəlmiş nüfuzlu millət vəkilləri qarşısında verilən bəyanat hesab edirəm ki, artıq Ermənistanda da öz əks-sədasını verib. Erməni ictimaiyyəti də həqiqəti dərk etməyə başlayıb. Paşinyan və onun hökuməti nə qədər tez bu reallığı anlasalar onların özləri üçün də yaxşı olar. Əgər anlamasalar Azərbaycan digər yolları, o cümlədən hərb yolu ilə torpaqlarını azad etmək imkanını özündə saxlayır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...