""Əsrin müqaviləsi” çağdaş tariximizin mühüm hadisələrindən idi” ÖZƏL-ŞƏRH

“Ümumiyyətlə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın çağdaş tarixində ən mühüm hadisələrindən biri idi”. Bunu SİA-ya açıqlamasında "Yurddaş" Partiyasının sədri Mais Səfərli deyib.

Onun sözlərinə görə, Azərbaycan neft ölkəsi olsa da neftini dünya bazarına çıxara bilmirdi: “Yəni özünün vəsaiti, siyasi çəkisi yox idi ki, bu nefti, karbohidrat ehtiyatlarını xarici bazara çıxara bilsin. Öz karbohidratlarını xarici bazarlara çatdırmaq üçün ölkə gərək tanınmış, normal idarə olunan bir ölkə olmalı idi. Həmçinin, investorları cəlb etmək üçün burada stabillik əsas şərt idi. Bu işlərin öhdəsindən təbii ki, bizim Ümummilli Lider Heydər Əliyev çox böyük müfəqqiyyətlə, ustalıqla bu işin öhdəsindən gəldi. Ulu Öndər hakimiyyətə gəldiyi qısa müddət sonra “Əsrin müqaviləsi”nin imzalanmasını təmin etdi. Beləcə, xarici investorları Azərbaycana vəsait qoymağa inandıra bildi. Azərbaycanda siyasi, ictimai, sosial sabitlik də investorları bura cəlb edən başlıca amillərdən biri idi. Əgər bu sabitlik yaranmasa idi, investorlar heç cür Azərbaycana gəlib vəsait qoymayacaqdılar və müqavilə imzalanmayacaqdı. Qısa bir zaman kəsiyində bu işin öhdəsindən gəlməyin özü Ümummilli Liderin müdrikliyinin, ustalığının, böyük siyasi təcrübəsinin təzahürü idi. Ulu Öndər bu işin öhdəsindən gəldi və müqavilə imzalandı. Çox qısa müddətdə müqavilədə nəzərdə tutulan müddəalar ardıcıl şəkildə həyata keçirilməyə başlandı. Beləcə, Azərbaycan nefti maneəsiz olaraq dünya bazarına çıxarıldı. Başlıcası isə Ümummilli Liderimiz Heydər Əliyevin iradəsi neft kəmərinin keçəcəyi ölkələrin müəyyənləşdirilməsini təmin etdi”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə