"“Əsrin müqaviləsi” Azərbaycanın dünyadakı mövqeyini gücləndirdi" ÖZƏL-MÜNASİBƏT

“20 sentyabr "Neftçilər günü" münsibətilə bütün neftçiləri, vaxtilə neft mədənlərində, neft daşlarında çalışmış insanların hər birini təbrik edirəm. Təbii ki, Azərbaycanın iqtisadi həyatında neftin həmişə çox böyük və önəmli rolu var”. Bunu SİA-ya açıqlamasında “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyib.

“Baxmayaraq ki, neft Azərbaycana həmişə xoşbəxtlik gətirməyib amma vaxtilə inqilabdan əvvəlki siyasətçilərdən biri belə bir fikir irəli sürdü ki, Azərbaycanın taleyini yerinin üstü yox, yerin altı müəyyənləşdirir. O baxımdan mən düşünürəm ki, Azərbaycanın tanıdılmağında, iqtisadi inkişafında neftin məxsusi rolu var. “Əsrin müqaviləsi” Azərbaycanın təkcə iqtisadi imkanlarını artırmır, həm də onun dünyada mövqeyini gücləndirir. Azərbaycanın Dağlıq Qarabağla bağlı, eləcə də ölkə həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rola malikdir”, - deyə, baş redaktor deyib.

Onun sözlərinə görə, “Əsrin müqaviləsi” Azərbaycanı dünyanın və Avropanın inkişaf etmiş dövlətlərinin bir parçasına çevirdi: “Təbii ki, Azərbaycanda bu işlərdən qabaq iqtisadiyyatla, infrastrukturla bağlı problemlər var idi. Bunların həlli neftdən və “Əsrin müqaviləsi”ndən gələn o vəsaitlərin hesabına ödənildi. Azərbaycan həmin gəlirləri insan kapitalına yönəltdi. Bu müqavilə Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini möhkəmləndirdi. Avropanın enerji təhlükəsizliyi məsələsində ölkəmiz bu gün qəbul olunur. Neft-qaz ehtiyatları Azərbaycanın hesab edirəm ki, daha doğru və dürüst proqramların, layihələrin həyata keçirilməsinə kömək etdi”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə