Cəmil Həsənlinin “Milli Şura”dan uzaqlaşdırılması an məsələsidir TƏRS BAXIŞ

Əli Kərimli sədr postunu ələ keçirməkdə iddialıdır

Siyasi düşərgədə heç bir nüfuzu olmayan və fəaliyyətsizliyi ilə “ölü qurum” adını qazanan “Milli Şura”da daxili gərginlik artmaqda davam edir. Artıq uzun müddətdir ki, aralarında ciddi fikir ayrılıqları yaşanan sədr Cəmil Həsənli ilə AXCP sədri Əli Kərimlinin çox yaxın zamanlarda münasibətlərinə son qoyulacağı barədə söz-söhbətlər gəzməyə başlayıb. Buna səbəb kimi, C.Həsənlinin artıq bir neçə dəfə öz çıxışlarında “Milli Şura”nın, daha dəqiq desək, AXCP-nin siyasi görüşündən kənar kontekstlərdə fikirlər yürütməsidir ki, həmin fikirlər də məhz Ə.Kərimlinin maraqlarına cavab verməməkdədir. Çünki “Milli Şura”nın bilavasitə AXCP-nin satelliti, yaxud marioneti olması kimsəyə sirr deyil. O cümlədən, “Milli Şura”nın idarəçilik nüvəsinin bilavasitə Ə.Kərimlinin əlində olması da bəllidir.

Cəmil Həsənli Əli Kərimlinin planlarından məlumatlıdır

Digər maraqlı məqam C.Həsənlinin Ə.Kərimlinin planlarından məlumatlı olmasıdır. Belə ki, artıq “Milli Şura”da ikitirəlik yaranıb və bu qurumda iki hissəyə parçalanmış tərəflər Həsənli-Kərimli cəbhələrinə bölünüblər. Quruma yaxınlığı ilə seçilən mənbədən aldığımız xəbərə görə, C.Həsənlinin yanında olanlar əsasən, yaşlı nəslin nümayəndələridir. Misal üçün, VAMP sədri Hacıbaba Əzimov keçirilən bütün iclaslarda C.Həsənlinin mövqeyini müdafiə edir.

Ə.Kərimlinin isə yanında olanlar əsasən, onun mövqeyini müdafiə edənlərdir ki, məhz AXCP sədrinin tapşırığına əsasən, sosial şəbəkələrdə zaman-zaman C.Həsənli qruplaşmasına qarşı çıxışlar edirlər.

“Milli Şura” sədrinin “REAL” sədrinə dəstək göstərməsi AXCP sədrini qıcıqlandırıb

Yeri gəlmişkən, Həsənli ilə Kərimli arasındakı qarşıdurmaya daha bir səbəb “Milli Şura” sədrinin “REAL” partiyasının sədri İlqar Məmmədovu “perspektivli müxalifət lideri” adlandırması olub. Halbuki, AXCP sədri hal-hazırda özünə ən böyük maneəni İ.Məmmədovda görməkdədir. Ə.Kərimlinin İ.Məmmədovu həbsdən çıxar-çıxmaz, hətta həbsdə olduğu müddətdə belə, tənqid etməsi, özünü isə müxalifətin vahid lideri” kimi təqdim etməsi deyilənləri kifayət qədər təsdiq etmiş olur. Ona görə də, C.Həsənlinin İ.Məmmədov barədə müsbət yönlü fikirlərini açıqlaması Ə.Kərimliyə “soyuq düş” effektini verib.

Biri mitinqlərə start verilməsinin, digəri isə verilməməsinin tərəfdarıdır

Növbəti bir səbəb isə mitinqlərin keçirilməsi ilə əlaqəlidir. Belə ki, bu məsələdə də sözləri çəp gələn iki sədr – Ə.Kərimli və C.Həsənli fəqli mövqelərdən çıxış edirlər. Kərimli mitinqlərə start verilməsinin, Həsənli isə mitinqlərin heç bir effekt vermədiyinə görə, start verilməməsinin tərəfdarıdır. Görünür, mitinqlərin effektiszliyi ilə bağlı İ.Məmmədovla eyni düşüncəyə malik olan C.Həsənlinin bu addımı da qarşıdurmamı kəskin həddə qədər artırmaqdadır.

Çoxluq Cəmil Həsənlini çıxdaş edəcək

Mənbə həmçinin qeyd edib ki, yaxın günlərdə “Milli Şura”nın koordinasiya şurasının iclası keçiriləcək və orada C.Həsənlinin “Milli Şura”ya sədrliyi məsələsinə yenidən baxılacaq və çox ehtimal ki, şuranın əsas çoxluğunun AXCP sədrinə dəstək verdiyini nəzərə alarsaq, Həsənli öz postu ilə vidalaşmalı olacaq.

Sədr olaraq isə, “Milli Şura”ya AXCP-nin sədri Ə.Kərimli seçiləcək ki, bu da qurumdaxili intriqaların qızışması ilə nəticəsini tapacaq. Hər halda, “Milli Şura”dakı vəziyyət kritik nöqtəyə qədər inkişaf edib və bu siyasi mövsümdə həmin faktor özünü artıqlaması ilə sübut edəcək.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...