"Ermənistanın XİN rəhbəri Qarabağda yeni kələklə rastlaşdı" ŞƏRH

"Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanyanın Xankəndində (Stepanakertdə) separatçı rejimin rəhbərliyi ilə görüşəcəyi əvvəlcədən anons edilmişdi. Anonslar Ermənistan Xİ nazirliyinin praktikasında zərərli hal sayılsa da separatçı rejimin rəhbərliyi ilə görüşün anonsu məqsədli idi”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, Z.Mnasakanyan ABŞ-a BMT BA-da iştirak zamanı Azərbaycan Xİ naziri E.Məmmədyarovla görüşməlidir, bu razılaşdırılıb: “Z.Mnasakanyan həmsədrlərin Ermənistana təqdim etdiyi tənzimlənmə variantı ilə tanışdır və bunun Ermənistanın maraqlarına zidd olduğunu bilir. N.Paşinyanın verdiyi açıqlamaya görə isə Ermənistana təqdim olunan layihədə Dağlıq Qarabağın statusu ilə bağlı aydın fikirlər olmasa da ətraf ərazilərin Azərbaycana qaytarılması ilə bağlı maddələr çox aydındır.

Z.Mnasakanyan separatçı rejim rəhbərləri ilə görüşdə 2 məqamı diqqətdə saxlamışdı:

I. Azərbaycan Xİ naziri və həmsədrlərlə görüşə gedərkən Dağlıq Qarabağda da görüşlər keçirdiyini bildirsin və bununla da məzmunlu danışıq tərəfdarı olduğunu göstərsin.

II. Z.Mnasakanyan Ermənistanın çətin vəziyyətdə olduğunu bilir, Dağlıq Qarabağ rejimi liderlərinin mövqeyindəki hər hansı yumşalma Ermənistana yeni nəfəs verə bilər. Bəllidir ki, Dağlıq Qarabağ problemində irəliləyiş olmayanadək beynəlxalq aləm Ermənistana investisiya qoymayacaq. N.Paşinyanın blef resursu yaxınlarda bitəcəkdir.

Z.Mnasakanyan isə Dağlıq Qarabağda sürprizlə rastlaşdı. Qondarma rejimin rəhbərliyi Z.Mnasakanyanı aldatmağa çalışdılar ki, Dağlıq Qarabağın beynəlxalq aləmdə tanınmasında yeni hərəkətlər baş verir; Parlament diplomatiyası aktivləşib və parlament diplomatiyasına Ermənistan da təkan verməlidir. Həqiqətən Avroparlamentin, Fransa parlamentinin və ABŞ konqresmenlərindən birinin Dağlıq Qarabağa səfərləri olub. Avroparlamentarilər hətta millətlərin öz müqəddəratını təyinetmə hüququnun onlar üçün beynəlxalq hüququn digər prinsiplərindən üstün olduğunu bəyan ediblər. Qondarma qurumun rəhbərliyi parlament diplomatiyasının güclənməsi ilə yalnız Ermənistanda bir neçə nəfəri aldada bilər. Hamıya bəllidir ki, bu 3 qrup parlamentarinin səfərlərini ermənilər özləri təşkil ediblər. Ermənilər yaxşı pul versəydi Avroparlamentarilər hətta Plutonun da Plutyan olduğunu bəyan edəcəkdilər.

B.Saakyan hərbi təlimlərlə bağlı müşavirə keçirərək Z.Mnasakanyanı Dağlıq Qarabağda hərbi gücün artdığına inandırmağa çalışdı. Eyni belə vəziyyət iqtisadiyyatla da bağlı təkrarlandı.

Hər halda Z.Mnasakanyan analitik qabiliyyətə malikdir. 30 il ərzində Dağlıq Qarabağ özünü hətta kənd təsərrüfatı məhsulları ilə təmin edə bilməyib, Ermənistanın dövlət büdcəsindən ayırmalar və diaspordan gələn yardım hesabına yaşayır. Dağlıq Qarabağda əhalinin sayında azalma var. Süni vasitələrlə doğumu artırsalar da artıq bu ildən hər şey yenidən azalma istiqamətindədir. Dağlıq Qarabağa Ermənistan dövlətinin və dünya erməniliyinin etdiyi yardımın pik dövrü arxada qaldı. Bu dövrdə bir şey əldə edə bilməyiblərsə, gələcəkdə də heç bir irəliləyiş əldə edə bilməzlər. Azərbaycanın artan uğurlarını Dağlıq Qarabağda ən qatı separatçılar da belə inkar edə bilmir. Dağlıq Qarabağda Azərbaycanla əlaqələrə meyl artır. Sosial problemlər ucbatından Dağlıq Qarabağ ermənisi ya torpağını tərk edəcək, ya da öləcək. Torpaq erməniyə qalmayacaq. Torpaq avtomatik olaraq öz sahibinə-Azərbaycana qayıdacaq. Belə olan halda ağıllı ermənilər həm ölməmək, həm də torpaqda yaşamaq üçün torpağın Azərbaycana qayıtmasına etiraz etməyəcək. Sadə ermənilərin qayğısı belədir. Amma separatçı rejimin başında duranlar Ermənistan rəhbərliyini inandırmaq üçün yeni kələklər işləyib hazırlayırlar.

Dağlıq Qarabağ erməniləri çox gözəl başa düşürlər ki, bunun da sonu uzaq çəkməyəcək. Bəşər tarixində ən yüksək məqama çatmış erməni Edvard Cerecyan (ABŞ prezidentinin müşaviri işləyib) 2012-ci ildən erməniləri xəbərdar edir ki, Dağlıq Qarabağ məsələsində Azərbaycan nə verirsə, götürün. Bir azdan heç nə əldə edə bilməyəcəksiniz. O, sonuncu dəfə bu fikri 2014-cü ildə təkrarladı. Ermənilər bir-birinə kələk hazırlamaq əvəzinə Cerecyana qulaq assınlar”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...