Mərkəz sədri: “Paşinyan məntiqsiz adam rolunu ifa edir" MÖVQE

“Paşinyan savadı və məntiqi ilə ATƏT-in Minsk Qrupunu Dağlıq Qarabağ tənzimlənməsindən uzaqlaşdırdı”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, Ermənistanın Baş naziri statusunda Nikol Paşinyanın verdiyi hər bir bəyanatı kifayət qədər müəyyənedici xarakterlidir: “Bəlkə də N.Paşinyan savadsız və yaxud məntiqsiz adam rolunu ifa edir. Mümkündür, onun həyat tərzində bunu görmək olar.

Nikol Paşinyanın Dağlıq Qarabağın Ermənistanın tərkibinə qatması ilə bağlı bəyanatları sırf birmənalıdır. Başqa variantda başa düşmək mümkün deyil. O, Ermənistanın baş naziri postunda ən azı 2 dəfə Dağlıq Qarabağı Ermənistanın tərkibində gördüyünü bəyan edib. Sonuncu bəyanatında Dağlıq Qarabağı Ermənistanın tərkibinə qatmağın variantını axtardığını bildirdi. Əslində bu Ermənistanın Nikol Paşinyanın rəhbərlik etdiyi hakimiyyətinin Dağlıq Qarabağın statusunun müəyyən olunmasına müdaxiləsidir. Dağlıq Qarabağın statusunu isə Ermənistan deyil, ATƏT-in Minsk konfransı müəyyən etməlidir. Əgər N.Paşinyan Dağlıq Qarabağın statusunu müəyənləşdiribsə danışıqlara və beləliklə ATƏT-in Minsk Qrupunun fəaliyyətinə ehtiyac qalmır. Baş nazir Nikol Paşinyan Ermənistanın siyasi elitasının savad və səviyyəsinin barometridir.

Məsələnin digər tərəfi də diqqət çəkir: Nikol Paşinyan ATƏT-in Minsk Qrupunun nizamnaməsinə zidd bəyanatlarına ATƏT MQ bu günədək heç bir reaksiya verməyib. Bununla ATƏT-in Minsk Qrupunun həmsədrləri beynəlxalq hüquqa, özlərinin nizamnaməsinə, təmsil etdiyi dövlətlərə hörmətsizlik nümayiş etdirirlər. Əgər ATƏT-in Minsk Qrupu həmsədrləri özünəhörmət hissi ilə tanışdırlarsa, onlar Dağlıq Qarabağ tənzimlənməsindən uzaqlaşmalıdırlar. ATƏT MQ Dağlıq Qarabağ tənzimlənməsində kömək üçün Azərbaycan ordusuna müraciət etməklə özünün imicinin daha ləkələnməsinin qarşısını ala bilər”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə