Tahir Mirkişili: “Hər kəs bu paraddan öz payını götürdü” ÖZƏL-MÜNASİBƏT

“15 sentyabr Bakının işğaldan azad olunması günü Azərbaycan tarixində çox mühüm bir yer tutur”. Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, 15 senytabrda Azərbaycan dövlətçiliyi tam bərpa olundu və Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan olundu: “Təbii ki, xalqımızın tarixində sonra Bakının yeri və rolu, eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin inkişafı çox böyük bir möhtəşəm, həmçinin şərəfli bir yer tutur. Bu cəhətdən baxsaq, təbii ki, Bakıda paradın keçirilməsi kifayət qədər önəmli bir hadisədir. Məhz 100 ildən sonra yenidən müstəqillik qazanmış Azərbaycan və Türkiyə əsgərlərinin bir yerdə addımlaması, Azərbaycanın hərbi gücünün nümayiş olunması düşmənlərə verilmiş çox ciddi bir siqnal idi. Azərbaycan dövləti bir daha göstərdi ki, bir qarış torpağının belə itirilməsinə, işğal edilməsinə imkan verməyəcək. Bu parad çox möhtəşəm idi. Düşünürəm ki, paradın özüməxsusluğu məhz ondan ibarətdir ki, ilk dəfə belə bir parad keçirilirdi.

Bakının azad olunmasının 100 illiyi ilə bağlı belə tədbirlərin keçirilməsi hələ uzun müddət insanların yaddaşında qalacaq. Əslində bu gün Azərbaycan dövlətinin gücü, Prezidentimizin nüfuzu bütövlükdə Azərbaycanın gələcəkdə inkişafı üçün möhtəşəm bir təməl yaradır ki, biz bunu həm paradda, həm də paradın çıxışında cənab Prezident İlham Əliyevin, eyni zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışında da bu notları, siqnalları gördük. Düşünürəm ki, hər kəs bu paraddan öz payını götürdü”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə