“Ermənistan Azərbaycanla müharibə aparmaq iqtidarında deyil” ÖZƏL-ŞƏRH

“Hərbi əməliyyatları başlamaq və davam etdirmək böyük hazırlıq və vəsait tələb edir. Üstəlik requlyar ordu ilə bərabər ictimaiyyəti müharibəyə hazır vəziyyətə gətirmək lazımdır”. Bunu SİA-ya açıqlamasında “Azeri Defence” jurnalının baş redaktoru Rəşad Süleymanov deyib.

Onun sözlərinə görə, Ermənistanda hazırkı şəraitdə nə ictimaiyyət, nə ordu, nə də hökumət müharibəyə hazır deyil: “Paşinyan özü də bunu yaxşı anlayır. Yaranan ikitirəlik, orduda "həyata keçirdiyi islahatlar" faktik olaraq Ermənistan ordusunun olan-qalan fəaliyyətini sıfıra endirib”.

Ekspert qeyd edib ki, Ermənistan hazırkı halda Azərbaycanla bir həftəlik müharibə aparmaq iqtidarında deyil: “Bir gün orta gərginlikli döyüş əməliyyatında bir motoatıcı briqadaya minimum 30-40 milyon dollara başa gəlir. İndi təsəvvür edək döyüş Murovdağdan Araz çayınadək geniş cəbhədə gedir. Ən azı 7-8 briqada əməliyyatlara cəlb olunursa bunun nə demək olduğunu sadə riyazi hesablama ilə çıxarmaq olar. Aprel döyüşlərindən öncə də Ermənistan rəhbərliyi Azərbaycanın "müharibə apara biləcək gücdə olmadığını" bəyan edib, daxili ictimaiyyətə yönəlik açıqlamalar verirdi. Azərbaycan Ordusu ehtiyatlarından istifadə eləmədən, cəbhədəki hərbi hissələrin öz imkanları ilə bir neçə saata, az itki ilə cəbhənin iki istiqamətində yüksəklikləri azad etdi. Hərbi əməliyyatların 6-7-ci saatlarında Ermənistan rəhbərliyinin yalvarışları başladı. Bu hadisə iki il əvvəl baş verib və heç kim unutmayıb”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə