"20 sentyabr - Azərbaycanın neft-qaz sahəsinin dirçəlişinin başlanğıcıdır" TƏDBİR

Yeni Azərbaycan Partiyaspı Pirallahı rayon təşkilatı “Neft Daşları NQÇİ” ərazi ilk partiya təşkilatında bu mövzuda tədbir keçirib

Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı “Neft Daşları NQÇİ” ərazi ilk partiya təşkilatında Azərbaycan neftçilərinin peşə bayramı münasibətilə "20 sentyabr - Azərbaycanın neft-qaz sahəsinin dirçəlişinin başlanğıcıdır" adlı tədbir keçirilib.

SİA xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədr müavini, "Neft Daşları NQÇİ" ərazi ilk partiya təşkilatının sədri Qoçalı Mahmudov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış “Əsrin müqaviləsi” respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazılıb. “Bu müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir”, deyə qeyd edən Q.Mahmudov həmçinin bildirib ki, neft strategiyasının son illər ölkəmizə gətirdiyi böyük dividentlərdən biri də məhz Azərbaycanın beynəlxalq səviyyədə böyük ümidlər bəslənən təbii qaz ixracatçısına çevrilməsidir: “Mənbəyini “Əsrin müqaviləsi”ndən götürən bu zəngin potensial hazırda Azərbaycanı regionun neft-qaz dövlətinə çevirib. Bütün bunlarla yanaşı “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və qitənin qaz nəqli infrastrukturunun şaxələndirilməsində əhəmiyyətli rol oynayacaq”.

Sonra tədbirdə Neft Daşları NQÇİ-nin baş mühəndisi Azər Rüstəmov və rəis müavini Zeynalabdin Abdullayev çıxış edərək bildiriblər ki, neft strategiyasının əsas istiqamətlərindən biri Azərbaycan neftinin dünya bazarına nəqlidir. “Bu sahədə Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədilə strateji əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin gerçəkləşməsi üçün gərgin işlər həyata keçirilmiş, aparılan danışıqlar uğurla nəticələnmişdir”, deyə qeyd edən natiqlər bildiriblər ki, məhz uğurlu neft strategiyası nəticəsində Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialını ilk mənimsəyən və regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində və digər nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə, dünyanın neft mərkəzlərindən birinə çevrilmişdir.

Çıxışların sonunda Q.Mahmudov bir qrup şəxsə partiyanın ictimai-siyasi həyatında fəal iştirakına görə YAP Pirallahı rayon təşkilatının fəxri fərmanlarını təqdim edib. Tədbir geniş konsert proqramı ilə davam edib.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə