Deputat: "Prezidentin çıxışı Ermənistan üçün ciddi xəbərdarlıq oldu" ŞƏRH-ÖZƏL

“Cənab Prezident vaxtaşırı bölgələrə səfər edir. Bu səfərlər ilk növbədə Onun tapşırıq və nəzarəti ilə işə başlayan mühüm obyektlərin açılışı ilə bağlıdır. Bu obyektlərdə minlərlə, yüzlərlə iş yerləri açılır, regionların sosial, iqtisadi siması dəyişir. Ən əsası Azərbaycanın inkişafının artıq çoxdandan paytaxtdan regionlara keçdiyi təsdiq olunur”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O bildirib ki, Prezident İlham Əliyev regionlara səfəri zamanı oradakı real vəziyyəti birbaşa özü görür və həm ümumilikdə ölkənin, həm də regionun inkişafı ilə bağlı gələcək planların artıq əsasını qoyur: “Dövlət başçısı rayonlara səfəri zamanı rayon ictimaiyyəti ilə görüşdə Azərbaycanın bugünkü vəziyyəti ilə bağlı vətəndaşları məlumatlandırır, həmçinin bu və ya digər məsələlər barədə mövqeyini ortaya qoyur”.

Dövlət başçısının Biləsuvar rayonuna səfərini xatırladan deputat söyləyib ki, səfər zamanı həm mühüm obyektlər açıldı, həm də Azərbaycan Prezidenti bir neçə vacib məsələyə öz münasibətini bildirdi: “Dövlət başçısı bu gün Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tutduğu qeyri-konstruktiv məsələ ilə bağlı prinsipal mövqeyini ortaya qoydu. Bu mövqe əvvəldən də məlum idi. Lakin son dövrlərdə Ermənistanın Azərbaycanla müharibə dili ilə danışması, ölkəmizin daxili işlərinə müdaxilə etmək istəməsi, əlbəttə ki ölkəmizin adekvat reaksiyasına səbəb olur. Cənab Prezident Ermənistandakı vəziyyəti faciəvi adlandırdı. Ermənistanda diktatura olduğunu və bunun düşmən ölkə üçün fəlakətlər gətirəcəyi ilə bağlı fikrini bildirdi”.

A.Mirzəzadə qeyd edib ki, Ermənistanda baş verənlərlə əlaqədar söylənən fikirlər təkcə Azərbaycanın mövqeyi deyil, artıq bütün dünya bunları görür: “Ermənistanda müstəqillik qazanandan qonşu dövlətlərə qarşı torpaq iddiası, ritorik cəmiyyətin qurulması, insanların deyil, sadəcə olaraq hakimiyyətdə olanların maddi vəziyyətinin yaxşılaşmasının əsas prinsip olaraq götürülməsi, məlum nəticələrə gətirib çıxarır: “Cənab Prezident heç zaman Azərbaycanın torpaq itkisi ilə razılaşmayacağını, ölkəmizin danışıqlar prosesinə Ermənistanın ziyan vurmasının ilk növbədə özünə problem yaradacağını, ən əsası ilə ölkəmizin silahlı qüvvələrinin bu gün də Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün döyüşlərə hazır olduğunu bir daha vurğuladı. Dövlət başçısı eyni zamanda bir neçə gün bundan öncə hərbçilərimizin Ermənistan mövqelərinə ciddi zərbə vurması məlumatını verdi. Əlbəttə ki bütün bunlar bir daha göstərir ki, Ermənistan işğalı davam etdirdikcə Azərbaycan tərəfdən çox ciddi zərbələr alacaq. Bir gündə olsa hərbi xidmət keçməmiş və hərbi işdən tamamilə xəbərsiz Ermənistan ali baş komandanı Nikol Paşinyanın Dağlıq Qarabağa qanunsuz, təcili səfəri də ilk növbədə bununla bağlı olan məsələdir”.

Cənab Prezidentin çıxışının Ermənistan üçün ciddi xəbərdarlıq olduğunu vurğulayan deputat deyib ki, düşmən ölkənin bu gün Azərbaycanla qarşıdurması üçün heç bir güc və resursu yoxdur: “Onun işğalçılıq siyasətini bu gün dünyada heç bir dövlət dəstəkləmir. Öz xalqını aldatmaq, xalqının son çörək pulunu əlindən alaraq Azərbaycan torpaqlarını işğalda saxlamağa yönəltməsi, sonda Ermənistanın zəifləməsinə, düşmən ölkənin bir-birinin ardınca ağır problemlərə düçar olmasına gətirib çıxardacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə