Elmar Məmmədyarov DİF-nin prezidenti ilə görüşüb

Çində işgüzar səfərdə olan nazir Elmar Məmmədyarov Tianjin şəhərində Dünya İqtisadi Forumu (DİF) xətti ilə təşkil edilən Yeni çempionların illik toplantısı çərçivəsində DİF-in prezidenti Börge Brende ilə görüş keçirib. SİA-nın verdiyi məlumata görə, həmsöhbətlər Azərbaycanla DİF arasında təşəkkül tapmış ənənəvi əlaqələri məmnuniyyətlə qeyd ediblər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin DİF-in illik toplantılarına qatılması və çıxışları xüsusilə vurğulandı. Ölkəmizin DİF-in müasir dünya qarşısında iqtisadi, siyasi, ictimai və ekoloji sahələrdə duran Dördüncü sənaye inqilabı dövrünə aid təhdidlərin cavablandırılmasına həsr edilmiş hazırkı toplantıda da iştirak etməsi bunun təzahürü olaraq təqdirəlayiq hal kimi dəyərləndirib.

Nazir Elmar Məmmədyarov qlobal iqtisadi inkişafı meyllərinin izlənilməsi və onun perspektivlərinin proqnozlaşdırılmasına həsr edilmiş DİF-in illk hesabatlarında Azərbaycanda biznes fəaiyyəti üçün şəraitin və rəqabət qabiliyyətinin təmin olunması, yeni iş yerlərinin açılması üzrə göstəricilərin ildən ilə artmasının təsadüfi xarakter daşımadığını qeyd edib. O, ölkəmizdə aparılan islahatların və həyata keçirilən inkişaf proqramlarının nəticəsi olan bu müsbət nailiyyətlər sayəsində sabit və dayanıqlı inkişafın təmin edildiyini vurğulayıb.

Xalqımızın rifahı naminə Azərbaycanın zəngin potensialından daha da səmərəli istifadə edilməsi məqsədilə, regional əməkdaşlıq layihələrinə böyük diqqət yetirildiyini deyən nazir Elmar Məmmədyarov neft-qaz sektorunda həyata keçirilən strateji layihələrlə yanaşı, Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizlərinin ümdə əhəmiyyətindən bəhs edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz mövcudluğunun regional sülh və təhlükəsizlik üçün ciddi təhdid olmaqla bərabər Cənubi Qafqaz bölgəsi və daha geniş məkanda hərtərəfli əməkdaşlığa əngəl törətdiyini deyib.

Həmsöhbətlər Azərbaycanla DİF arasında ənənəvi əlaqələrin gələcəkdə də uğurla inkişaf edəcəyinə dair əminliyi ifadə edərək, ölkəmizin qlobal iqtisadiyyat sistemində tutduğu yeri, habelə qarşılıqlı maraq doğuran digər məqamlar üzrə fikir mübadiləsi aparıblar.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...