"Azərbaycan-Türkiyə birliyi düşmənlərə sarsıdıcı zərbə vurur" RƏY-ÖZƏL

“Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr olunmuş möhtəşəm hərbi paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı, Azərbaycan və Türkiyə ordusunun birgə çıxışı böyük əhəmiyyət kəsb etdi. Bu parad iki qardaş ölkənin sarsılmaz birliyini bir daha nümayiş etdirdi”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, hərbi parad göstərdi ki, harada Azərbaycan varsa Türkiyə orada, Türkiyə haradadırsa, Azərbaycan onun yanındadır.

Azərbaycan-Türkiyə birliyinin düşmənlərə sarsıdıcı zərbə vurduğunu deyən E. Səlimov bildirib ki, bütün ölkələrə nümunə olan dostluq, qardaşlıq münasibəti bizi sevməyənləri təşvişə salır, ölkələrində qarışıqlıq yaratmaqla yanaşı, hətta hakimiyyətsizlik səviyyəsinə gətirib çıxarır: “Ermənistanın Azərbaycana şərti olaraq müharibə elan etməsi fonunda ölkəmizin hərbi parad keçirməsi bir daha göstərdi ki, ölkəmiz hər zaman sülh tərəfdarı olmasına baxmayaraq, lazım gəldiyi təqdirdə nümayiş etdirdiyi silahları işə salmaq əzmindədir. Bildiyiniz kimi bu il ölkəmizdə iki möhtəşəm hərbi parad keçirildi. Burada ordumuzun gücünün nümayiş etdirilməsi Ermənistanı rahat buraxmır”

Düşmən ölkənin şərti olaraq Azərbaycana müharibə elan etməsi məsələsinə gəldikdə deputat qeyd edib ki, bunu məsuliyyətsizlikdən başqa heç cür qiymətləndirmək olmaz: “Ermənistan Azərbaycan ordusunun gücünü aprel döyüşlərində görüb. Onlar bilir ki, müharibə olsa 100 faiz uduzacaqlar. Buna görə də son zamanlar Ermənistan hakimiyyəti insanların hissiyyatına toxunan müxtəlif sərsəm fikirli bəyanatlar səsləndirir. Hamı bilir ki, çətin vəziyyətə düşən Ermənistan müxtəlif ölkələrdən kömək axtarır. Artıq dünyada siyasi durum dəyişib və bu baxımdan Ermənistana münasibət tamamilə dəyişib. Əgər Ermənistan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllini uzatsa, o zaman güclü Azərbaycan ordusu torpaqlarını azad etmək üçün hərəkətə keçəcək. Ordumuz hər zaman buna hazırdır və Ali Baş Komandanın əmrini gözləyirlər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə