Mirmahmud Mirəlioğlu qadınla mübarizə aparacaq? TƏRS BAXIŞ

KXCP-nin qurultayında onun növbəti opponenti Nisəxanım Vəliyevadır

KXCP-nin daxilində cərəyan edən və son zamanlar artan qalmaqallara daha biri əlavə olunub. Belə ki, partiyanın “Milli Şura”da təmsil olunmamasına rəğmən, təşkilatın həmin qurumda yeganə təmsilçisi kimi çıxış edən Oqtay Gülalıyevin ardınca, sədr Mirmahmud Mirəlioğluna qarşı daha bir nəfər mübarizə aparmaq niyyətindədir. Daha dəqiq desək, qurultayın vaxtı müəyyən olunmasa da, partiyanın sədrliyinə namizəd olacaq növbəti şəxs qadındır.

Hətta qurultay baş tutarsa belə, həmin tədbirin necə qalmaqallı və qarşıdurmalar şəklində baş tutacağını indidən təsəvvürlərə gətirmək olar

O, KXCP-nin Ysamal rayon şöbəsinin üzvü Nisəxanım vəliyevadır. Maraqlı məqamlardan biri də budur ki, xanım namizədin nə O.Gülalıyevlə, nə də M.Mirəlioğlu ilə münasibətləri normal deyil. Belə olan vəziyyətdə hətta qurultay baş tutarsa belə, həmin tədbirin necə qalmaqallı və qarşıdurmalar şəklində baş tutacağını indidən təsəvvürlərə gətirmək olar.

Lakin digər fakt budur ki, KXCP-nin rayon şöbələri qurultayla bağlı hələ də doğru-dürüst iclaslar keçirə bilməyiblər. Belə ki, həmin iclaslara yetərli qədər partiya üzvləri qatılmırlar. Halbuki, qurultayın keçirilməsi və nümayəndələrin seçilməsi üçün müəyyən zaman lazımdır. Bu prosedur isə baş tutmur. Məhz bu baxımdan, KXCP rəhbərliyinin qurultay keçirəcəkləri ilə bağlı bəyanatlar səsləndirmələri inandırıcı görünmür.

Xəzər Teyyublu nəyi etiraf edib?

Bu arada, KXCP-nin sədr Müavini Xəzər Teyyublu da təmsil olunduğu siyasi təşkilatın qurultaya hazırlıqla bağlı çətin durumda olduğunu dolayısı ilə təsdiq edib. O, mətbuata açıqlamasında deyib: “Heç olmasa rayon şöbələrinin 90 faizində konfranslar yekunlaşmalıdır ki, ali məclis çağırılsın və qurultayın günü, yeri müəyyənləşdirilsin”.

Beləliklə, görünən budur ki, KXCP qurultay qərarını versə də, onu keçirə bilmir və bunun əsas səbəblərindən biri də partiyadaxili münaqişələrdir. İstər rayon təşkilatlarında, istərsə də mərkəzi qərargahda ümumi razılıq fonu müşahidə olunmamaqdadır. Bütün bunlar isə bir tərəfdən sədr M.Mirəlioğlu üçün sərfedici məqamdır. Çünki qurultay ertələndikcə, onun sədrlik müddəti də uzanır. Belə olan halda, KXCP-nin ümumiyyətlə qurultay keçirmək qərarı növbəti illərə qədər uzana bilər.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə