Əli Kərimlinin ənənəvi "payız xəstəliyi" baş qaldırıb

Yaxud, cəbhəçilər AXCP sədrinin mitinq sevdasına dəstək göstərmirlər

Azərbaycanda dağıdıcı müxalifətin başında duran və ictimai-siyasi sabitliyi pozmaq üçün illərdir ki, min bir oyundan çıxan AXCP sədri Əli Kərimli bu “sezon"da da öz naftalin qoxulu ənənəsini davam etdirməkdədir. Deyəsən, bir müddətdir səs-səmiri çıxmayan Ə.Kərimli yay tətlini başa vuraraq yenə mitinq eşqinə, sevdasına düşüb. Eyni zamanda, “Milli Şura”nın qeyri-rəsmi “lider”inin bəlli sevdası sosial şəbəkələrdə də görünməyə başlayıb.

Lakin məsələnin digər tərəfi də ondadır ki, artıq cəbhəçilərin bir qrupu Ə.Kərimlinin mitinq sevdasına dəstək göstərmirlər. Fakt budur ki, artıq mitinq məsələsi onları da bezdirib. Ona görə də əksəriyyət cəbhəçilər bu mitinqin də digərləri kimi uğursuz və fiaskoyla nəticələnəcəyini istisna etmirlər.

“Mitinq” yoxsa partiya arayışlarının satışı yarmarkası?

Başqa tərəfdən, fakt həm də budur ki, AXCP sədrinin ötən illər ərzində keçirdiyi mitinqlərə Azərbaycan ictimaiyyəti, xalqı da dəstək verməyib, əksinə sərt şəkildə qınaqlara tuş gəlib. Digər tərəfdən, müşahidələrdən də görürük ki, belə mitinqlərə ictimaiyyət arasında maraq ilbə-il daha da kəskin şəkildə azalır. Təbii ki, bunların çox çiddi səbəbləri var. Çünki Azərbaycan xalqı onun kimliyini çox yaxşı bilir və bu baxımdan da Kərimlinin mitinq keçirmək təşəbbüsləri qeyri-ciddi qəbul olunur.

Məhz bu baxımdan, Ə.Kərimlinin keçirmək istəyi payız mitinqləri sosial şəbəkələrdə də qeyri-ciddi bir hadisə kimi ələ salınır, gülüş obyektinə çevrilir. Hətta insanlar onun növbəti dəfə “mitinq” arzusunu partiya arayışlarının satışı kimi təqdim edirlər. Çünki o da sirr deyil ki, bu günə kimi AXCP sədrinin Avropada yaşamaq istəyənlərə saxta partiya arayış verməsi ilə bağlı çoxlu sayda faktlar var. O, bu yolla ən yaxın qohumlarını, yerlilərini hələ bir neçə il bundan öncə Fransada, Hollandiyada yerləşdirə bilib. Belə olan halda, insanlar haqlı olaraq Kərimliyə gülür və deyilər ki, axı 500-1000 nəfərlik mitinq etməyə nə gərək var. Hətta Əli Kərimlinin yanında olan bir neçə şəxsin mitinqə qatılmayanlarla bağlı yazdıqları fikirlər belə insanlar tərəfindən çox sərt şəkildə qəbul edilir.

Əli Kərimlini tərk edənlərin, onun səhvlərini üzünə vurub AXCP sıralarından gedənlərin də sayı az deyil

Onu da qeyd edək ki, Ə.Kərimlinin bilavasitə yanında olan söyüş qrupları yenidən “dilləri altına zəhər atıb”, düşüblər ictimai rəyin üstünə və mitinqlərinə qatılmayacaq insanları təhqir etməklə məşğuldurlar. Lakin AXCP sədrinin yanında bu cür şər-böhtançı, tərbiyəsiz və xəstə təxəyyüllərə malik ünsürlərin olması kimsədə təəccüb doğurmamalıdır. Yəni bu, onun üçün və ətrafı üçün adi bir haldır. Ancaq onu da unutmamalıyıq ki, hazırkı dövrə qədər Ə.Kərimlini tərk edənlərin, onun səhvlərini üzünə vurub AXCP sıralarından gedənlərin də sayı az deyil. Ümumiyyətlə, özünə hörmət edən şəxs heç zaman Kərimlinin yanında qalıb, onun üçün fəaliyyət göstərməz və bunu zamanında nalyaranlar mütləq şəkildə ziyanın yarısından geri dönürlər. Çünki Əli Kərimli illərdir yaxın ətrafında olan insanlara xəyanət edir. O kimlərə xəyanət etmədi? Məhz Kərimli öz sədri, “liderim” dediyi Əbülfəz Elçibəydən tutmuş, onun üçün sinəsini güllə qabağına vermiş bütün insanlara xəyanət edən satqındır. Bu baxımdan, onun mitinq çağırışları etməsi artıq ciddi olaraq qəbul edilmir və bu ildə hər kəs həmin nəticələri öz gözləri ilə görəcək.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə