"Parad Azərbaycan-Türkiyə dostluq, qardaşlıq münasibətlərinin növbəti göstəricisi idi” AÇIQLAMA-ÖZƏL

“Sentyabrın 15-də Bakıda keçirilən hərbi parad ilk növbədə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin növbəti göstəricisi idi”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

İki ölkə arasında münasibətlərin əbədi olduğunu deyən deputat söyləyib ki, hərbi paradla Azərbaycan və Türkiyənin bütün sahələrdə olduğu kimi, hərbi sahədə də hər zaman bərabər olacağının nümayişi idi.

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın hərbi paradda iştirak etmək üçün ölkəmizə səfər etməsinin xüsusi əhəmiyyət daşıdığını dilə gətirən C. Osmanov vurğulayıb ki, Ərdoğanın çıxışı zamanı bütün sahələrdə ölkəmizin anında olacaqlarını ifadə etməsi çox böyük əhəmiyyət daşıyır: “Paradda hər iki dövlət başçısı öz çıxışında qeyd etdi ki, hər iki ölkənin bütün sahələrdə inkişafı digərinin inkişafı deməkdir. Yəni Türkiyənin inkişafı Azərbaycanın, Azərbaycanın inkişafı isə Türkiyənin inkişafı deməkdir”.

Onun sözlərinə görə, parad eyni zamanda Azərbaycan torpaqlarını işğal edən, ölkəmizə, xalqımıza düşmən kəsilənlərə mesaj verərək əsas məqsədimizin Türkiyə-Azərbaycan dostluğunu artırmaq, hər iki ölkənin ordusunun istənilən təxribatların qarşısını almağa qadir olduğunu bildirdik: “Xatırlayırsınızsa, Prezident İlham Əliyev iki il bundan öncə aprel döyüşləri zamanı bildirmişdi ki, əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpaqlarını tərk etməlidir. Hərbi parad bu mesajın bir növ əyani sübutu idi”.

Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman sülh tərəfdarı olduğunu xüsusi vurğulayan deputat söyləyib ki, amma bununla yanaşı ölkəmiz hər zaman bəyan edir ki, əgər münaqişə sülh yolu ilə həll olunmasa, o zaman ordumuz qısa müddətdə öz torpaqlarını azad etməyə hazırdır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə