YAP Suraxanı rayon təşkilatının 25 illiyi təntənə ilə qeyd olundu YUBİLEY

Vüqar Seyidov: “YAP Suraxanı rayon təşkilatı digər rayon təşkilatları ilə bərabər cənab Prezidentin və partiyanın icra katibliyinin tələb və təkliflərinə uyğun olaraq fəaliyyətini uğurla davam etdirir”

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının yaranmasının 25 illiyi ilə bağlı partiya təşkilatında yubiley tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Milli Məclisin deputatları Eldar İbrahimov, Ağacan Əbiyev, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, eləcə də partiyanın ictimai-siyasi fəalları, gənclər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad etdilər. Daha sonra YAP Suraxanı rayon təşkilatının binasında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, YAP Suraxanı rayon təşkilatının 25 illik fəaliyyətinin əsas aspektlərini özündə ehtiva edən qısametrajlı film nümayiş etdirilib.

Sonra Ulu Öndər Heydər Əliyevin və Yeni Azərbaycan Partiyasının yarandığı gündən bu günə qədər onun inkişafı üçün əlindən gələni edən dünyasını dəyişmiş siyasi həmfikirlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov geniş məruzə ilə çıxış edərək Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olmasının, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsinin dahi rəhbər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirərək vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər artıq Azərbaycanı inkişaf yoluna çıxarıb. “Ulu Öndərin bu istiqamətdə gördüyü əsas işlərdən biri də məhz Yeni Azərbaycan Partiyasının yaratmaq idi”, deyə qeyd edən Vüqar Seyidov həmçinin bildirib ki, olduqca çətin dövrdə yaranan bu partiya Ümummilli Liderin də dediyi kimi, dünənin, bu günün və gələcəyin partiyası oldu.

YAP Suraxanı rayon təşkilatının yaranmasının 25 illiyini qürur hissi elə qeyd edən partiya sədri vurğulayıb: “Bu gün YAP Suraxanı rayon təşkilatı digər rayon təşkilatları ilə bərabər cənab Prezidentin və partiyanın icra katibliyinin tələb və təkliflərinə uyğun olaraq fəaliyyətini uğurla davam etdirir. YAP Suraxanı rayon təşkilatında 110 ilk ərazi təşkilatı mövcuddur. Partiyanın 8469 nəfər üzvü var ki, onların 4365 nəfərini qadınlar, 3500 nəfərini isə gənclər təşkil edir”.

Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, iqtisad elmləri doktoru Eldar İbrahimov YAP-la bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. O, YAP-ın olduqca gərgin ictimai-siyasi zamanda yarandığını qeyd edərək ötən dövr ərzində partiyanın Cənubi Qafqazın ən böyük siyasi təşkilatına çevrildiyini vurğulayıb: “Hamımız dərk edirdik ki, bu xaosdan, dövləti parçalanmaqdan yalnız Ulu Öndər xilas edə bilər. Əvvəlcə Ulu Öndər bizim təklifimizlə razı olmasa da ziyalıların təkidi ilə onu razı sala bildik. Ulu Öndərin ətrafında cəm olan bir qrup ziyalılar bildirdik ki, Siz əgər razı olmasanız Azərbaycan dağılacaq. Çünki hakimiyyətdə olanların idarəçiliklə bağlı heç bir səriştələri yoxdur. O zaman mərd, Vətən təəssübü çəkən ziyalılarımızla yanaşı, özünü düşünən, vəzifəsindən qorxan insanlar da oldu ki, imza atıb ulu öndərin Bakıya gəlməsinə tərəddüd etmişdilər. 91 nəfər ziyalının imzası ilə “Səs” qəzetinin 16 oktyabr tarixli sayında Ümummilli Liderə müraciət olundu ki, xalq Sizin yolunuzu gözləyir. O zaman poçt sistemi də yarıtmaz vəziyyətdə idi. Qəzetləri mən aparıb gətirirdim. Partiyanın yaradılması ilə əlaqədar Ulu Öndərin İdarə Heyətinə tapşırığını və tövsiyələrini mütəmadi olaraq çatdırırdım. Deputat olduğum üçün də günüm demək olar ki, təyyarələrdə keçirdi. 1992-ci il 21 noyabrda Ulu Öndər və İdarə Heyəti ilə birgə qərara almışdıq ki, partiyanın konfransı keçirilsin. Buna bir qədər qalmış 1992-ci ilin 24 oktyabrında cəbhəçilər Naxçıvanda sözün əsl mənasında dövlət çevrilişinə cəhd etdilər. Cəbhə hakimiyyəti, o cümlədən də o vaxtkı daxili işlər naziri İsgəndər Həmidov Heydər Əliyevin ətrafında birləşən insanları təhdid edirdilər. Heydər Əliyev “91-lər”in müraciətinə cavab hazırlayarkən - 24 oktyabr 1992-ci il tarixdə AXC Naxçıvanda dövlət çevrilişinə cəhd etdi. Daxili İşlər Nazirliyini, Naxçıvan Televiziyasını ələ keçirmişdilər ki, xalqa müraciət edib, sonra da Heydər Əliyevi devirsinlər. Bunların belə bir planları var idi. Düzdür, cəhdləri baş tutmadı. O zaman mən də Ulu Öndərin yanındaydım. Onun AXC-nin Naxçıvandakı sədri ilə bütün danışıqlarının şahidiyəm. Həmin vaxt naxçıvanlılar çox gərgin anlar yaşadılar. Naxçıvan əhalisi gecə səhərə qədər yığışıb Ali Sovetin binasında Ulu Öndəri qorudular. Ulu Öndər də hər zaman naxçıvanlıların bu fədakarlığını unutmadı. Çünki Ulu Öndərin yolunda heç kim canını əsirgəmədi. Beləliklə, 1992-ci il noyabrın 21-də 550 nəfər təəssübkeşin və Bakıdan gəlmiş 55 nəfərin iştirakı ilə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasını yaratdıq. O zaman hakimiyyətdə olan AXC-Müsavat cütlüyü özlərinə əsas rəqib Ulu Öndəri görürdü. Bütün cəhdlərlə Naxçıvana hücum çəkərək onu aradan götürmək istəyirdilər. Hər dəfə də cəhdləri boşa çıxırdı. İstəklərinə nail ola bilmədilər”.

Partiya veteranı, təqaüdçü Sonaxanım Əliağaqızı YAP-ın yaranmasını və tez bir zamanda xalqımızın iradəsi ilə siyasi hakimiyyətə gəlişini müasir tariximizin ən mühüm ictimai-siyasi hadisələrindən biri kimi dəyərləndirib və bu münasibətlə tədbir iştirakçılarını təbrik edib.

Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov YAP-ın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, Ulu Öndər Heydər Əliyevin xalqın və dövlətin qarşısında göstərdiyi böyük xidmətlərdən danışaraq bildirib ki, bu gün bu siyasətin Azərbaycanın Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində sürətlə inkişaf edən Azərbaycan uğurlu nailiyyətlər qazanır.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olan üzvlərə partioya biletləri təqdim olunub. Eyni zamanda, YAP Suraxanı rayon təşkilatının bir qrup partiya veteranı təltif ediliblər.

Təbir YAP Suraxanı rayon təşkilatının 25 illik yubileyinə həsr olunmuş bəddi hissə ilə yekunlaşdırılıb.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə