“Bu məsələ də Rusiya Prezidentinin diqqətinə çatdırılacaqdır” AÇIQLAMA

“Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin sentyabr ayının 25-də Azərbaycana planlaşdırılan və xeyli maraq doğuran səfərinin ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyətli olacağına inanıram”. Bunu SİA-ya açıqlamasında fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib.

Onun sözlərinə görə, məlumdur ki, iki ölkə rəhbəri bir müddət öncə Soçidə görüşüblər və görüşdə hər iki ölkə arasında əlaqələrin inkişafı baxımından önəm daşıyan sənədlər imzalayıblar: “Ümumilikdə iqtisadi və siyasi xarakter daşıyan 17 imzalanmış sənəd yaxın illərdə müvafiq istiqamətlərdə əməkdaşlığa töhfəsini verəcəkdir. Eyni zamanda, Soçi görüşündə 2024-cü ilə qədər fəaliyyət planı qəbul edilmiş, Azərbaycan və Rusiya dövlətləri arasında əməkdaşlığın inkişafı istiqamətində 5 memorandum imzalanmışdır. Bunlardan əlavə iki qonşu dövlətin başçısı həm regional, həm beynəlxalq siyasi prosesləri müzakirə edərək fikir mübadiləsi aparırdılar. Və elə Soçi görüşündə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Vladimir Putini onun üçün əlverişli vaxtda Bakıya dəvət etdi. Fikrimcə sonuncu görüşdən cəmi 24 gün keçəndən sonra Vladimir Putinin Bakıya səfəri həm Soçi görüşündə iki ölkə liderinin apardıqları müzakirələrin davamı olacaq, həm hərbi-texniki əməkdaşlıq, həm də enerji məsələləri müzakirə oluna bilər və hesab edirəm görüşdə yenə də Dağlıq Qarabağ münaqişəsi ətrafında da fikir mübadiləsi aparılacaq. Bunu bir qədər öncə Rusiya Dövlət Dumasının MDB ilə iş üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov da bəyan etmişdi. Bilirik ki, Rusiya tərəfi ikitərəfli münasibətləri Dağlıq Qarabağ münaqişəsindən ayrı tutmaqda maraqlıdır. Amma, bunun əksinə olaraq Azərbaycan Prezidenti İlham Əliyev bütün dövlət başçıları ilə, beynəlxalq qurumların rəhbərləri ilə görüşlərdə, ən mötəbər məclislərdə çıxışlarında Dağlıq Qarabağ münaqişəsini müzakirə mövzusu olaraq ilk planda təqdim edir. Yəni bizim dövlət başçımızın bütün xarici siyasət kursunu Qarabağ prizmasından qurması və münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması istiqamətində son dərəcə qətiyyət nümayiş etdirməsi hamıya məlumdur. İnanıram ki, bu dəfə ki görüşdə də Qarabağ məsələsinin həlli istiqamətində müzakirələr əsas məqam olacaqdır. Ermənistanın yeni baş nazirinin Rusiyaya məlum səfəri və prezident Putinlə danışıqlarda münaqişə ilə bağlı səsləndirdiyi sərsəm fikirlər Azərbaycan tərəfinin daha sərt mövqe ortaya qoymasını diktə edir. Yəqin ki, bu məsələ də Rusiya Prezidentinin diqqətinə çatdırılacaqdır. Azərbaycan və Rusiya dövlət başçılarının qarşılıqlı səfərlərinin və ikitərəfli görüşlərinin intensivliyi bir daha onu göstərir ki, Azərbaycan həm siyasi, həm iqtisadi cəhətdən Rusiya üçün daha çox maraq kəsb edir və ümid edirəm ki, bu məqam ölkəmizin bir nömrəli probleminin həllində Rusiya tərəfinin həm də vasitəçi dövlət kimi mövqeyinin dəyişməsinə gətirib çıxara bilər. İndiki halda konkret münaqişə ilə bağlı hansısa prinsipial qərarın qəbul edilməsi təbii ki, həm iqtisadi, həm siyasi və hərbi cəhətdən asılı Ermənistana Rusiyanın mövcud mövqeyinin dəyişməsindən asılıdır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə