“15 sentyabr Azərbaycan və Türkiyənin qardaşlıq günüdür" ÖZƏL-MÖVQE

“15 sentyabr tarixi Azərbaycan Respublikasının, Ordusunun 100 illik yubileyi ilə yanaşı ən mühüm yubiley tədbirlərindəndir. 15 sentyabr həm Ordumuzun ilk böyük qələbəsinin, həm də Respublikanın ərazi bütövlüyünü təmin etməsinin 100 illiyidir”. Bunu SİA-ya açıqlamasında “Azeri Defence” jurnalının baş redaktoru Rəşad Süleymanov deyib.

Onun sözlərinə görə, türk və Azərbaycan hərbi qüvvələrindən təşkil olunmuş Qafqaz İslam Ordusu tərəfindən Bakı şəhərinin azad edilməsinin yüz illik yubileyi münasibəti ilə keçiriləcək bayram tədbirlərini çoxdan gözləyirdik: “Bu tədbirdə qardaş Türkiyədən də ali səviyyəli qonaqların və silahlı qüvvələrin bölmələrinin iştirakı da olacaq. Bu əslində iki dövlətin bir yerdə olmasını göstərir və mühüm mesajdır. Qeyd edim ki, bundan əvvəl Türkiyə Silahlı Qüvvələrinin bir bölüyü də ordumuzun 100 illiyi münasibəti ilə keçirilən paradda iştirak etmiş, Türk Yıldızları və Sola Türk Bakı səmasında uçmuşdu. Bu nümayişlər, bu cür tədbirlər qardaş ölkələr arasında bağları daha da möhkəmləndirir.

15 sentyabr Bakının azad edilməsi ilə yanaşı Azərbaycan və Türkiyənin qardaşlıq günüdür. Bu tarix yalnız yubileylərdə deyil hər gün xatırlanmalı, Bakı qəhrəmanlarının – xüsusi olaraq Nuri Paşanın adının əbədiləşdirilməsi istiqamətində də addımlar atılmalıdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə