"Milli Şura" "REAL" partiyasına qarşı çox susqun qala bilmədi TƏRS BAXIŞ

Tərəflər arasında kəskin qarşıdurmaya start verilib

Əsasən, AXCP sədri Əli Kərimlinin hədəfinə tuş gələn "REAL" partiyası və bu təşkilatın sədri İlqar Məmmədov bu dəfə "Milli Şura"nın hücumuna məruz qalıb. Düzdür, "Milli Şura"nın da bilavasitə Ə.Kərimlinin dirijor çubuğu ilə idarə olunması hər kəsə bəlli olsa da bütövlükdə həmin qurumda təmsil olunanların İ.Məmmədova və onun partiyasına qarşı hər hansı bir sərt ittihamı ilə rastlaşmamışdıq.

Lakin bu dəfə vəziyyət dəyişib və "Milli Şura"nın daxilində olan digər adamlar da "REAL" partiyasına qarşı ittihamlarla çıxış etməyə başlayıblar. Düşünmək olar ki, bu hücumların arxasında yenə də Ə.Kərimli amili dayanır, ancaq fakt budur ki, "şuradakılar" "realçılara" qarşı növbəti planlarını icra etməyə başlayıblar. Misal üçün, VHP funksioneri Rafiq Manaflı Ə.Kərimlinin nəzarətində olan azadlıq.info saytında "Mitinqin əleyhinə olanlar onu təşkil etmək imkanı olmayanlardır" başlıqlı yazı ilə çıxış edərək, birbaşa "REAL"ın sədri İ.Məmmədovu hədəfə götürüb.

"Milli Şura" üzvü Rafiq Manaflı "REAL" sədri İlqar Məmmədovu siyasi diletant adlandırıb

Söz yox ki, həmin yazı məhz Ə.Kərimlinin sifarişi ilə həyata keçirilib və onun tapşırığı əsasında ictimailəşdirilib. Beləliklə, VHP funksioneri, partiyanın ali məclisinin sədri vəzifəsini daşıyan, eləcə də "Milli Şura"nın koordinasiya şurasını təmsil edən R.Manaflıya görə, axır vaxtlar mitinqlər siyasətlə məşğul olanların arasında ziddiyyətli diskussiyalara səbəb olub. Onun sözlərinə görə, "REAI" partiyasının aparıcı fiqurları müxalifətin mitinq keçirmək məqsədinin uğursuzluqla nəticələnənməsi barədə fikirlər irəli sürərkən, əslində özlərinin zəifliklərini ortaya qoymuş olurlar. R.Manaflı dolayısı ilə İ.Məmmədovun siyasi təşkilatının mitinq keçirmək üçün imkanları yoxdur və onlar "Milli Şura"nın mitinq keçirmək məqsədinə kölgə salmağa çalışırlar. "Əgər bir siyasətçi olsun, ya siyasətlə maraqlanan olsun, mübarizədə mitinqləri gərəksiz, vaxtı keçmiş mübarizə vasitəsi hesab edirsə, o ya siyasi diletantdır, ya da yumşaq desək məqsədli, bir az sərt desək sifarişlə danışır", deyə "REAL"ın guya hakimiyyətə işlədiyinə işarə edən "Milli Şura" funksioneri hətta İ.Məmmədovu Donetsk separatçılarına bənzədib, eyni zamanda, İ.Məmmədovdan hər hansı bir siyasi uğur gözləyənlərin əbəs yerə vaxt itirdiklərini bildirib: "Donetsk separatçılarının lideri Zaxarçenko kimi qulduru "ədalətli sandığı səbəbdən əli silahlı vuruşan" hesab edən, "obıvatel" səviyyəsində "velikorus" təfəkkür daşıyıcılarının mübarizə üçün göstərdikləri yol da elə həmin təfəkkürün təcəssümüdür. Kökündən yanlışdır. Fərqli intellekt, kreativ yanaşma budursa, heyf, nə isə gözləyənlərin gözləntilərindən".

"REAL" funksioneri Natiq Cəfərlinin cavabı gecikməyib

Bu arada onu da xatırladaq ki, İ.Məmmədov avqustun son günlərində öldürülən "Donetsk Xalq Respubikası"nın lideri Aleksandr Zaxarçenkoya sosial şəbəkəsindəki profilində status həsr etmişdi. Bunun ardınca isə, mitinqlərin keçirilməsini hakimiyyətin əlinə oynadığını demişdi. Məhz bu kimi amilləri nəzərə alarsaq, R.Manaflı nədənsə, birbaşa deyil, ad çəkmədən "REAL" sədrini hədəfinə götürüb və sərt şəkildə tənqid atəşinə tutub. Görünür, İ.Məmmədovun birbaşa adını çəkməmək üçün də Ə.Kərimli ona tapşırıq verib və necə deyərlər, az da olsa, "barmaq yeri" qoymağa çalışıb.

Fəqət, həmin "barmaq yeri" öz funksiyasını reallaşdıra bilməyib və söz yox ki, qarşı tərəf - "REAL" partiyası "daşın" kimin "bostanına" atılmasının fərqinə varıb. O da əbəs deyil ki, "REAL" partiyasının idarə heyətinin üzvü Natiq Cəfərli dərhal sözügedən yazıya reaksiya verib və mətbuata çıxaraq, R.Manaflıya, bütövlükdə isə "Milli Şura"ya qarşı cavabını verib. "Hər kəsin öz fikirlərini səsləndirmək haqqı var", deyə bildirən N.Cəfərli "cavab atəşi" açaraq, əslində "Milli Şura"nın sifarişlər həyata keçirdiyini iddia edib, eyni zamanda, mitinqlə bağlı düşüncələrin doğru olmadığını bildirib: "...Fikirləri konteksdən çıxarıb, ictimaiyyətə doğru olmayan məlumatların ötürülməsi ya qərəzli, ya da sifarişli fikir bildirmək metodu hesab etmək olar. Çünki heç kim mitinqlərin tamamilə yararsız və mənasız bir mübarizə üsulu olduğundan danışmayıb, həmçinin nə İlqar Məmmədov, nə də "REAL" partiyası...".

N.Cəfərli 2013-cü ildən bu tərəfə keçirilən mitinqlərin heç birinin uğurlu alınmadığını diqqətə çatdırıb və bütövlükdə son 20 ildə ənənəvi müxalifətin uğursuzluğunun səbəblərindən biri kimi bu uğursuzluğu göstərib: "Müxalifətdə olan dostlarımız son 20 ili analiz etsələr və görsələr ki, bu yollarla hansı məqsədlərə çatılıb, yaxud nələrə nail olunub, bax bunu izah etsələr insanlar da anlayarlar....".

"REAL" funksioneri İ.Məmmədova yönəlik "sifarişlə danışır" ittihamına daha kəskin reaksiya verib və bildirib ki, belə absurd və aşağı keyfiyyətli fikirlərə münasibət bildirmək açığı bir az çətindir. O, da qaşrı tərəf iddia edib ki, R.Manaflı sifarişlə danışır. Daha dəqiq desək, onun yazdıqları arxasında Ə.Kərimlinin dayanması şübhə doğurmur: "Bu cür fikirlərin həmin şəxslərin özlərinə məxsus olduğuna da açığı inanmıram. Onları danışdıranlar var..."

Beləliklə, görünən budur ki, "Milli Şura"-"REAL" qarşıdurması gizli savaş metodundan aramla açıq meydana çıxamqdadır. Bu savaşın hansı tərəfin qazanacağını isə yaxın zaman göstərəcək. Hər halda, iki məğlub tərəfin siyasi çarpışması məntiqi sonluqla hesablasaq, siyasi məhvləri daha labüd görünür.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə