ATƏT nəticəsiz mövsümi səfərlərlə öz nüfuzunu sual altında qoyur TƏHLİL

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibinin Azərbaycana səfəri başlayıb və artıq Tomas Qreminger ölkəmizdə səfərdədir. Səfər çərçivəsində Azərbaycanla ATƏT arasında əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulur və Baş katibin bir sıra rəsmi görüşləri planlaşdırılır. Bu baxımdan indi təkcə T. Qremingerin deyil, ümumilikdə ATƏT kimi bir təşkilatın fəaliyyəti ölkə ictimaiyyətinin diqqət mərkəzindədir.

Xatırlatmaq yerinə düşərdi ki, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Baş katibi, yəni Tomas Qreminger qısa müddət öncə, daha dəqiq desək, bu il 4 sentyabr tarixində Ermənistanda da səfərdə olub və əməkdaşlıq məsələləri, Ermənistanda daxili siyasi vəziyyət və islahatlar, həmçinin korrupsiya ilə mübarizə məsələləri müzakirə edilib. Səfər çərçivəsində eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi də müzakirə olunub. Münaqişənin ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində yalnız sülh yolu ilə həllinin vacibliyi vurğulanıb.

ATƏT rəsmisinin səfərləri nə vəd edir və hansı nəticələr gözləmək, nə kimi dəyişikliyə ümid etmək olar?

Maraqlıdır, ATƏT rəsmisinin bu səfərləri nə vəd edir? Hansı nəticələr gözləmək, nə kimi dəyişikliyə ümid etmək olar? Bu gün Qarabağ danışıqlarında iştirak edən ATƏT, BMT kimi təşkilatlar, qurumlar, hətta vasitəçi ölkələr məsuliyyəti Yerevan və Bakının üzərinə yükləyirsə, məsələn, Rusiyalı diplomat Sergey Lavrov, "hər şey münaqişə tərəflərindən asılıdır" bəyanatı ilə çıxış edirsə, onların bu istiqamətdə məsuliyyətdən boyun qaçıran fəaliyyətindən hansısa gözlənti inandırıcı ola bilərmi? Məhz buna görə hətta araşdırmaçılar belə hesab edirlər ki, vahid mövqe olsaydı, regionda maraqlar toqquşmasaydı, Azərbaycan və Ermənistanı hansısa bir sülh sazişinə razılaşdırmalar o qədər də çətin olmazdı.

Doğrudur, başda ATƏT olmaqla beynəlxalq təşkilatların tərəflərə təsir imkanları və sülhə məcbur etmə mexanizmləri mövcud deyil. İllərlə davam edən müzakirələr zamanı belə bir müxanizmin, məsələnin həllinə hesablanmış təsir və təzyiq mexanizminin olmadığı göz qabağındadır. Lakin, beynəlxalq təşkilatların öz aralarında razılığa gələ biləcəyi təqdirdə, münaqişənin həllinə nail olmaq mümkündür. Daha dəqiq desək, Qarabağ münaqişəsində söhbət təkcə Azərbaycan və Ermənistandan yox, dünya siyasi səhnəsinin əsas oyunçularının maraqlarının toqquşmasından gedir. Maraqların toqquşması vahid mövqe nümayiş etdirməyə imkan vermir və məhz vahid mövqeyin olmaması da Ermənistanın saymazlığına, nəticədə münaqişənin həllinin üzanmasına zəmin yaradır. Rəsmi Yerevan əmindir ki, vasitəçiliərin "müqəssir Ermənistandır" kimi bəyanatı belə olsa da, onlara qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi təzyiq tədbirlərinə əl atılmayacaq.

Qarabağ münaqişəsinin həlli vacibdir və ən yaxın zamanda təmin edilməlidir

Müzakirələrin formal xarakter daşıdığı artıq dünya ictimaiyyəti üçün sirr deyil. Vasitəçi dövlətlər də, beynəlxalq təşkilatlar da, başda elə ATƏT özü də məsələnin müzakirəsinə nəzərəçarpacaq dərəcədə formal yanaşır. Amma onlar bilməlidir və bilirlər ki, bu formal yanaşma heç də o demək deyil ki, Dağlıq Qarabağla bağlı danışıqlar sonsuza qədər davam edəcək və nəticəyə ümid etmək olmaz. Danışıqlar prosesini uzatmaq, mövcud status-kvonu uzun müddət qoruyub saxlamaq mümkün deyil. Doğrudur, müzakirələri periodik olaraq davam etdirməyə rəsmi Yerevan maraqlıdır. Lakin, Ermənistan bölgədə və dünyada yeganə dövlət deyil ki, yalnız onun maraqlarının təmin olunması ilə məsələ öz həllini tapsın. Nəzərə almaq lazımdır ki, münaqişənin mümkün eskalasiyası Rusiya üçün də, Qərb üçün də risk deməkdir və regional energi layihələri üçün də təhlükədir. Savaş başlayacağı təqdirdə proseslərə İran və Türkiyənin də müdaxilə edə biləcəyi ehtimalı inkar edilə bilməz və bu da öz növbəsində artıq regional savaş anlamına gəlir. Deməli, Qarabağ münaqişəsinin həlli vacibdir və ən yaxın zamanda təmin edilməlidir.

İllərdir münaqişənin həlli istiqamətində konkret bir nəticə əldə edə bilməyən ATƏT kimi bir çox qurumların, onların rəsmilərinin də nəticəsiz səfərləri artıq ənənə halını alıb. Lakin, hadisələr belə nəticəsiz davam edə bilməz və hər hansı bir uğura imza atılmalıdır. Əks halda, indi ölkəmizdə səfərdə olan ATƏT rəsmisi kimi hər bir beynəlxalq qurum öz nüfuzunu sıfıra endirmiş olacaq. Elə ATƏT özü də nəticəsiz mövsümi səfərlərlə öz nüfuzunu sual altında qoyur.

Ötən 24 il ərzində münaqişənin həlli istiamətində heç bir nəticə hasil etməyən ATƏT hansı işlə məşğul olub?

ATƏT kimi nüfuzlu bir təşkilat Qarabağ münaqişəsinin həlli istiqamətində nə edə bilib, nəyə nail olub bu baxta qədər? Ötən 24 il ərzində münaqişənin həlli istiamətində heç bir nəticə hasil etməyən ATƏT görəsən hansı işlə məşğul olub və fəaliyyəti nə ilə xarakterizə edilə bilər? Nə vaxta qədər davam edəcək bu nəticəsiz səfərlər? Nə BMT qətnamələri, nə Lissabon sammitinin qərarları həyata keçməyib. Ermənistan tərəfi heç bir qərara, heç bir qətnaməyə məhəl qoymur və onları kobud şəkildə pozur. Görəsən bu təşkilatlar fərqindədirmi ki, bu işğalçı dövlət Azərbaycan torpaqlarını işğalda saxlamağa davam etməklə yanaşı, beynəlxalq təşkilatların qərar və qətnamələrinə, nəticədə onların özlərinə saymazlıq, hörmətsizlik edir?

Bir-birinin ardınca təşkil olunan səfərlərin, müzakirələrin fonunda Paşinyan kimi Qərb oyuncağı, küçə nümayişçisi, inqlab bəhanəsi ilə hakimiyyəti ələ keçirən və dövlət çevrilişinə imza atan avantürist nəinki Qarabağ, hətta ətrafındakı rayonlardan əl çəkin mesajı verir. Maraqlıdır, niyə onun bu mesajı belə cavabsızdır? Məxməri inqlab bəhanəsi ilə baş nazir kreslosunu zəbt edən bu hədsizə niyə həddi bildirilmir? İnsan haqlarından, beynəlxalq hüquq normalarıdan dəm vuran təşkilatlar, demokratiyanı bayraq edən institutlar, ATƏT kimi qurumlar hara baxır və nə işlə məşğuldur? Səfər etməklə iş bitmişmi hesab olunur? Axı bu səfərləri çox görmüşük və nəticəsi də göz qabağındadır. Göz qabağında olan isə odur ki, bir neçə ay bundan qabaq küçələrdə belində çanta səsi tutulana qədər bağıran nümayişçi belə beynəlxalq hüquq normalarına, beynəlxalq qurumların qərar və qətnamələrinə məhəl qoymur və əvvəlki hakimiyyətin heç bir normalara sığışmayan həyasızlıq ənənəsini davam etdirir.

Paşinyan kimi naşının ərköyünlüyünün, hədsizliyinin günahkarı Ermənistanın qanunsuz hərəkətlərinə göz yuman beyləxalq təşkilatlardır

Nəyə görə isə Ermənistana rəhbər təyin edilən kəs qısa zaman kəsiyində misli görünməmiş ərköyünə çevrilir və beynəlxalq normaları hesaba almır. İmkanlarının bu qədər məhdudluğu fonunda mesajlar verməyə, iddialarla çıxış etməyə hardandır cəsarət? Nikol Paşinyan hələ öz yerini bərkitməmiş, dövlət daxilində ikihakimiyyətliliyə aydınlıq gətirməmiş, ölkəsindəki qarışıqlıqlara son qoymamış, geosiyasi mövqeyini müəyyən etməmiş hansı hünərlə Qarabağ barədə belə mesajlar verir və ona bu hünəri verən kimdir? Görəsən ATƏT-in timsalında digər beynəlxalq təşkilatlar bu ərköyünlüyün təzahür etməsində öz günahlarını dərk edirlərmi? Başa düşürlərmi ki, zərrə qədər idarəçilik təcrübəsi olmayan, bəyanatlarının, verdiyi mesajların fərqində olmayan Paşinyan kimi naşının ərköyünlüyünün, hədsizliyinin günahkarı özləridir? Bu qurumlar özləri bu avantürist nümayişçiyə meydan verdiklərinin, onun belə həyasızlıq etməsinə şərait yaratdıqlarının fərqində olsalar nəticəsiz, mövsümi səfərlərinə son qoyardılar. Erməni həyasızlığının, hədsizliyinin artım sürətinin böyük olduğunu nəzərə alsaq, cəsarətlə deyə bilərik ki, tezliklə beynəlxalq qurumlar özləri bu xislətin qurbanına çevrilmək təhlükəsi qarşısındadırlar. Tezliklə Paşinyan kimi erməni mənşəli ən kiçik nümayişçi, hətta balaca bir piket iştirakçısı belə beynəlxalq qurumlar barədə də mesajlar verəcəyi inkar edilə bilməz. Bir sözlə, ən yaxın zamanda ATƏT də daxil olmaqla beynəlxalq qurumlar ikili standartlar siyasətinin acı nəticələrini özləri də dadacaqlar.

Azərbaycan öz müqəddəratını həll etmək imkanına malikdir və torpaqlarını, ərazi bütövlüyünü, müstəqilliyini qorumaq əzmindədir. Ölkəmiz bu vaxta qədər beynəlxalq hüquq normalarına hörmətlə yanaşaraq münaqişənin sülh yolu ilə həllinə hesablanmış siyasət yürütsə də ATƏT kimi beynəlxalq təşkilatların uğursuz siyasəti, nəticəsiz fəaliyyətləri qarşılığında hər an hərbi yolla öz ərazi bütövlüyünü bərpa edə, Qarabağın ermənilər tərəfindən işğal edilmiş torpaqlarını geri qaytara bilər. Nikol Paşinyan kimi Qərb marianeti və ümumilikdə indi səfalət içində inildəyən, hərbisi belə yox dərəcəsində olan Ermənistan dövləti buna əngəl ola bilməz. Olsa-olsa ortada indi mövsümi səfərlər edən beynəlxalq təşkilatların müraciətləri, savaşı saxlamaq barədə yalvarışları ola bilər ki, buna da məhəl qoymamaq indi Qarabağ münaqişəsinə, qaçqınların, yurd-yuvasını itirən insanların durumuna, işğal altında olan torpaqların durmadan talan edilməsinə, insan

haqlarının, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayanlara adekvat cavabdır. İndi yalnız mövsümi və nəticəsiz səfərlərlə kifayətlənən təşkilatlar bilməlidir ki, bunun acı nəticələrini özləri dadmış olacaqlar. Əvvəla ona görə ki, hazırki nəticəsiz və uğursuz siyasət, fəaliyyət hərbi əməliyyatlara şərait yaradır və bu zaman onların fəaliyyəti ümumiyyətlə öz mənasını, öz mahiyyətini itirə bilər. Digər tərəfdən ATƏT kimi beynəlxalq təşkilatların indi münaqişə bölgələrindəki nəticəsiz fəaliyyətini müşahidə etməsi bu təşkilatların imicinə zərbədir. İstər ATƏT olsun, istərsə də digər bir qurum münaqişələrin həllinə nail olmadığı təqdirdə öz mövcudluğunu sual altında qoyur. Elə ATƏT də sual altında qalanlar siyahısına düşmək təhlükəsi ilə üz-üzədir və Qarabağ münaqişəsini öz yoluna qoymayacağı təqdirdə bir təşkilat kimi öz rolunu, hətta yolunu itirmiş olur. Bu baxımdan ATƏT öz nüfuzu, öz müqəddəratı naminə münaqişənin həllinə çalışmalıdır.

ATƏT Paşinyanın qanunvericiliyin tələblərinə zidd fəaliyyətinə və Ermənistan rəhbərliyinin təhlükəli bəyanət və iddialarına münasibət bilirməlidir

Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanatları ziddiyyətlidir, populist xarakterlidir və bu günə kimi aparılmış danışıqların ruhuna, beynəlxalq qanunvericiliyin tələblərinə ziddir. İnsan azadlıqlarının, hüququnun aliliyinin, demokratik dəyərlərin təmin olunması, Ermənistanın iqtisadi inkişafına şərait yaradılacağı və digər bu kimi şuarlarla hakimiyyətə gələn Paşinyan azmüddətli rəhbərliyi dövründə ölkədə vəziyyət daha da gərginləşib, diplomatik məğlubiyyətlərin sayı isə durmadan artır.

Nikol Paşinyanın “Azərbaycan qondarma “Dağlıq Qarabağ” respulikası ilə danışıqlar aparmalıdır” kimi sayıqlamaları qəbuledilməzdir. Azərbaycan bu kimi iddiaları qətiyytlə rədd edir. ATƏT də öz növbəsində Ermənistan rəhbərliyinin bu təhlükəli bəyanət və iddialarına münasibət bilirməlidir. Məlumdur ki, Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal edilib və Dağlıq Qarabağdakı qondarma rejimin arxasında Ermənistan durur. Buna görə də Paşinyanın bu kimi iddiaları sadəcə danışıqlar prosesini pozmaq məqsədi daşıyır. Lakin Ermənistan rəhbərliyi bundan sonrakı dövrdə danışıqlar prosesini pozmağa davam edəcəksə, bunun bütün məsuliyyəti Ermənistan tərəfinin və şəxsən Paşinyanın üzərinə düşəcək. Paşinyanın Azərbaycanın işğal edilmiş rayonlarının güya qondarma “Dağlıq Qarabağ Respulikası”nın tərkib hissəsi olması kimi bəyanatları həmçinin Ermənistan rəhbərliyinin beynəlxalq qanunlara, beynəlxalq ictimaiyyətə, xüsusilə də ATƏT MQ həmsədrlərinə hörmətsizliyinin bariz nümunəsidir.

Görünür, Paşinyan son Rusiya səfəri zamanı üzləşdiyi uğursuzluğu bu kimi məsuliyyətsiz bəyanatlar verməklə kompensasiya etməyə və ölkə əhalisi arasında nüfuzunu qorumağa çalışır. Populist vədlər verərək hakimiyyətə gələn Paşinyan movcud reallıqları dərk etməyə başlayıb və düşdüyü mürəkkəb durumu necə həll edəcəyini bilmir deyə bu addımlarla həm də Azərbaycanın uğurlu siyasətinin, xüsusilə Prezident İlham Əliyevin Soçi səfərində əldə olunmuş mühüm nəticələrin effektini azaltmağa çalışır.

Özündən əvvəlki hakimiyyət mənsublarına qarşı repressiyaların təşkili, demokratiya adı altında haqlarının kütləvi şəkildə pozulması hallarının durmadan artması , siyasi rəqiblərinin qeyri-qanuni yollarla neytrallaşdırılması, faktiki olaraq diktatura üsul idarəsinin tətbiq edilməsi, iqtisadi tənəzzülün dərinləşməsi, ölkədə vəziyyətin daha da pisləşməsi Paşinyanın hakimiyyətdə olduğu qısa müddəti əyani şəkildə göstərən faktorlardır. Bu faktorlar Paşinyan demokratiya pərdəsi altında hakimiyyət kürsüsünü mənimsədiyini, əslində onun rəhbərliyi ilə Ermənistanda çevrilişin olduğunu təsdiq edir. Təsdiq edir ki, Paşinyan kimi avantürist demokratiyadan komuflyaj kimi istifadı edib və hakimiyyətə oturandan, daha doğrusu çevriliş edəndən sonra demokratiya arxa plana keçib və maskası cırılan bu küçə nümayişçisi öz diktatur rejimini qurur.

ATƏT bu kimi faktorlara biganə yanaşmamalıdır. Müvafiq təsir imkanlarından istifadə etməklə Ermənistanın yeni hakimiyyətinin özbaşınalığına son qoyulmalıdır.

İnam HACIYEV

Bütün xəbərlər Facebook səhifəmizdə