“Müxalifətdaxili ziddiyyətlər bundan sonra da olacaq” MÜSAHİBƏ

AMİP funksioneri Əli Orucovun SİA-ya müsahibəsi

- Əli bəy, son vaxtlar müxalifət düşərgəsində ittihamların, qarşıdurmaların miqyası bir qədər genişlənib. Sizcə bunun səbəbi nədir?

- Müxalifətdaxili ziddiyyətlər və çəkişmələr həmişə olub və bundan sonra da olacaq. Amma çox istərdim bu rəqbət mühitində və qarşılıqlı hörmət əsasında baş versin. Təəssüf ki, müxalifətin özündə də bəzilərinin qeyri-sivil və etik normalardan kənar fəaliyyət göstərənlər var. Eyni zamanda müxalifət daxilində bəzi siyasilər və partiyalar bu düşərgədə olanlara tərəfdaş, müttəfiq kimi deyil, düşmən, yaxud da qısqaclıqla yanaşırlar. Ona görə də sağlam rəqabətə deyil, qəbuledilməz üsullara əl atırlar. Bir-birlərini sıradan çıxarmağa çalışırlar. Və illərdir ki, eyni tendensiya davam edir.

- İlqar Məmmədovun həbsdən azad edilməsindən sonra sanki müxalifətin öndə olan iddialı partiyalar ruhdan düşüblər. Bu belə davam edəcəkmi?

- Cəmiyyətin özündə bir süstlük var, İnsanlar siyasətə və siyasi proseslərə fəal qoşulmurlar. Müxalifət partiyalarının rəhbərliyində təmsil olunanlar sıravi üzvlərə problemlər yaradırlar. Onların kollegial orqanlarda təmsil olunmalarına imkan vermirlər. İnzibati idarəçilik müxalifətin sıravi üzvlərində siyasi təşkilatlarda sərbəst birləşməsinə və mövqeyini bildirməsinə imkan vermir. Ona görə də siyasi liderlərin fərdi keyfiyyətləri heç nəyi dəyişə bilmir. Çünki həmin liderlərin özlərinin fəaliyyətləri şəffaf deyil.

- Düşünmək olarmı ki, müxalifətin aparıcı simalarının bir-birindən üz döndərməsi və yeri gələndə sosial şəbəkələrdə bir-birini gözdən salmağa çalışmaları hansısa maraqları təmin etməyə hesablanıb?

- Sosial şəbəkələrdən düzgün yararlançmaq və onun imkanlarından faydalanmaq lazımdır. Nə yazıqlar olsun ki bəzən bu imkanlardan etikadan kənar istifadəyə də yol verilir. Təhqirlərə, hətta söyüşlərə keçilir ki, bu da qətiyyən olmaz. Belələrinin qarşını almaq isə elə də asan deyil. Məncə, bunu bilərəkdən edirlər ki, fəal təbəqə inbternetin resurslarından, xüsusən də sosial şəbəkələrdən istifadə etməsin, iyrənsin, bezsin və s. Amma anlamaq lazımdır ki, sosial şəbəkələrdən milyonlarla insan istifadə edir virtual olaraq həmin qrupları, insanları izləyir və qiymətinin verir. Hesab edirəm ki, müxalifətin sıravi üzvləri gec-tez rəhbərlərinə qarşı öz qəti mövqelərini nümayiş etdirəcəklər.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə