“ATƏT Ermənistan rəhbərliyinin zidd bəyanatlarına öz qiymətini verməlidir" ÖZƏL-ŞƏRH

“Ermənistanda hakimiyyət dəyişdikdən sonra çox ciddi proseslər baş verir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Azərbaycanı maraqlandıran yeni hakimiyyətin Ermənistanın işğalı altında olan torpaqların gələcəyi ilə bağlı mövqeyidir: “Görünən bu oldu ki, Paşinyan uzun müddət bu məsələ barəsində suallara konkret cavab verməkdən qaçıb. Bunu nə səbəbdən etdiyini demək çətindir. Amma ortada olan Paşinyanın təcrübəsizliyi, Dağlıq Qarabağ məsələsinə dair indiyədək onun hər hansı bir ciddi fikir söyləməməsi idi. Ancaq onun bu günlərdə Rusiya mətbuatına açıqlamasında “Dağlıq Qarabağı Ermənistanın bir hissəsi” hesab etməsi məsələnin mahiyyətini kökündən dəyişib. Axır ki, Paşinyan öz mövqeyini açıqladı. Amma bu mövqenin nə beynəlxalq hüquq normalarına, nə də mehriban qonşuluq siyasətinə aidiyyatı yoxdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ATƏT-in baş katibi Tomas Qremingerlə görüşdə ona Ermənistanın yeni rəhbərliyindən konstruktiv bir mövqe gözləməsi barəsində fikirlərini bildirməsi onu göstərir ki, Azərbaycan hələ də problemin dinc, diplomatik yolla həll edilməsinin mümkünlüyünü gözləyir. Ancaq bununla belə Ermənistan bu gün həm daxili siyasətində gərginləşdirmə siyasi aparmaqla yanaşı, həmçinin Azərbaycanla münasibətlərə də müharibə çağırışı edir. Yəni bu çox böyük təəccüb və təəssüf doğurur və Azərbaycanı artıq danışıqlar barəsində ciddi düşünməyə vadar edir. Bu gün Azərbaycanın bütün sahələrdə inkişafı onu özünün ən ağırlı milli problemini həll etməsi üçün böyük şərait yaradır.

ATƏT bu məsələni diqqətdə saxlamalı və Ermənistanın yeni rəhbərliyinin ATƏT üzvlüyünə zidd bəyanatlarına əlbəttə ki, öz qiymətini verməlidir. Hesab edirəm ki, cənab Prezidentin mövqeyi həm beynəlxalq ictimaiyyətə, həm də Ermənistana çox ciddi bir mesajdır. Beynəlxalq ictimaiyyət bir daha Azərbaycan torpaqlarının hələ də işğalda qalması sualını düşünməlidir. Ermənistan isə vəziyyətin heç də uzun müddət davam edə bilməyəcəyini və özü öz hərəkətləri, çağırışları ilə vəziyyətin gərginləşməsinə şərait yaratdığının fərqinə varmalıdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə