"Paşinyanın mövqeyi günortaya qədər Rusiya, günortadan sonra Avropaya istiqamətlənib" MÜSAHİBƏ

Millət vəkili Eldəniz Səlimovun SİA-ya müsahibəsi

- Eldəniz müəllim, Paşinyanın Rusiya səfərindən dərhal sonra Dağlıq Qarabağı Ermənistana birləşdirəcəyi kimi təxribat xarakterli bəyanatla çıxış etməsi nədən xəbər verir?

- Paşinyan bilir ki, Rusiyada Vladimir Putinlə görüşünün nəticələri barədə xalqa məlumat verməlidir ki, ölkədə müvəqqəti də olsa, sakitlik yaratsın. Vladimir Putin dəfələrlə qeyd edib ki, Rusiya-Azərbaycan əməkdaşlığı günü-gündən genişlənir və strateji əməkdaşlığa çevrilib. Azərbaycanın Rusiya ilə həm siyasi-mədəni, həm də iqtisadi münasibətləri artım tempi ilə inkişaf edir. Bu məsələlər, isti münasibətlər erməniləri təşvişə salıb, aprel döyüşlərini də gözlərinin qabağına gətirirlər və bu zaman daha çox təşviş keçirirlər. Bu bəyanat Paşinyanın əhalini qismən sakitləşdirmək üçün növbəti ağılsız bəyanatlarından biridir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Yaxın zamanlarda Ali Baş Komandanın rəhbərliyi ilə Dağlıq Qarabağımız azad olunacaq, qaçqın və məcburi köçkünlərimiz öz torpaqlarına qayıdacaqlar.

- Paşinyan Vladimir Putinlə görüşdən sonra Fransaya səfərə də hazırlaşır. Bu ardıcıl səfərlərin Dağlıq Qarabağla hər hansı bir əlaqəsi ola bilərmi?

- Ola bilsin, Paşinyan Rusiyadan istədiyi dəstəyi almadığı üçün Fransaya üz tutur. Paşinyanın hələ ki, mövqeyi qeyri-müəyyəndir. Özünün və hökumətinin mövqeyi günortaya qədər Rusiya, günortadan sonra Avropaya istiqamətləndiyindən özünə yol seçə bilmir, kim nə deyir, onu sınaqdan keçirir. Əhali də belə yanaşmanı qəbul etmir və yenidən küçələrə axın edir. Paşinyanın bu səfərləri gözə kül üfürməkdən başqa bir şey deyil. Fikirləşir ki, bəlkə Avropa ona sahib çıxar.

- Paşiyanın bu cür təxribat xarakterli bəyanatla çıxış etməsini daxili auditoriyaya hesablanan bəyanat hesab etmək olarmı?

- Paşinyan belə anormal bəyanatları vaxtı uzatmaqdan başqa bir şey deyil. Gah işğal altında olan Dağlıq Qarabağa, gah Rusiyaya səfərlər edir və bu, yalnız vaxtı uzatmağa hesablanır. Hakimiyyətə necə və haradan gəlibsə ki, özü də bilir, bu cür bəyanatlarla özünü qorumaqdan başqa çıxış yolu yoxdur. Həyat və zaman öz sözünü deyəcək.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə