Deputat: "Paşinyanın son fikirləri sərsəmlik və cəfəngiyatdır" AÇIQLAMA-ÖZƏL

“Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə Moskvada keçirilən görüşdən sonra Dağlıq Qarabağla bağlı səsləndirdiyi son fikirlər sərsəmlik və cəfəngiyatdır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, Paşinyan bununla özünün nə qədər dayaz siyasətçi olduğunu, eyni zamanda, nə qədər çıxılmaz duruma düşdüyünü nümayiş etdirir.

K.Əliyeva bildirib ki, Paşinyanı hakimiyyətə gətirən kütlə konkret addımlar gözləyir: “Artıq aprel ayından xeyli vaxt keçib. Xalqın, çiyinlərində hakimiyyətə gəldiyi kütlənin, ölkənin problemləri isə yerində saymaqda davam edir. Bu baxımdan onu hakimiyyətə gətirən kütlə konkret addımlar atılmasını gözləyir. Ancaq Paşinyan sadəcə, kimsəyə xeyri dəyməyən boş-boş vədlər, açıqlamalar verir. Bir addım atır, sonra iki addım geriyə çəkilir. Koçaryanla, Xaçaturovla bağlı məsələni xatırlamaq kifayətdir ki, bu adamda prinsipiallıq, dediyinin, atdığı addımların üzərində möhkəm dayanmaq iradəsi yoxdur”.

Deputat qeyd edib ki, Paşinyan düşdüyü vəziyyətdən çıxmaq, yəni, xalqın, kütlənin başını qatmaq, üzərinə gələn qəzəb dalğasını qismən də olsun, yatırtmaq üçün əzilib-büzülmüş “Qarabağ kartı”ndan istifadə etməyə, ermənilərin millətçilik, şovinistlik damarından yapışmağa çalışır. Amma nə edirsə-etsin, heç nə alınmayacaq. Ən azı Azərbaycan dövləti, Azərbaycan xalqı Paşinyanın avantürasının reallaşmasına imkan verməyəcək, necə ki, indiyə qədər imkan verməyib. Heç bir erməni siyasətçisinə və erməni liderinə bu təxribat xarakterli, bu avantürist, bu cəfəng ideyanı gerçəkləşdirmək nəsib olmayacaq. Paşinyan da daxil olmaqla, onların hər birinin bu arzusu gözlərində qalacaq.

Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün hallarda münaqişəyə son qoyacaq və ədalətli sülhə nail olacaq. Bunu ermənilər də, onların Paşinyan kimi xəstə ruhlu siyasətçiləri və liderləri də, onlara himayədarlıq edənlər də birdəfəlik qulaqlarına sırğa etsinlər. Qarabağ Azərbaycanındır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə