“Prezidentin xarici səfərləri ölkəmizin dünyaya inteqrasiyasını təmin edir” MÖVQE-ÖZƏL

“Müasir beynəlxalq münasibətlər sistemində milli maraqların təmin olunması hər bir ölkənin və onun liderinin qarşısında duran əsas vəzifələrdən biridir. Milli maraqların təmin olunması, heç şübhəsiz ki, intensiv dialoq və fəal diplomatik münasibətlərdən keçir. Bu mənada, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq münasibətlər sisteminin aktoru olan müxtəlif dövlətlərə müntəzəm və ardıcıl səfərləri həm ölkəmizin dünyaya inteqrasiyasını təmin edir, həm də milli maraqların təmin olunmasına xidmət edir”. Bu fikirləri SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O bildirib ki, Prezident İlham Əliyevin son müddətdə üç mühüm - Rusiya, Qırğızıstan və Xorvatiyaya səfərləri və əldə olunmuş nəticələr qarşılıqlı faydalı münasibətlərin inkişafı və milli maraqların təmin olunması baxımından olduqca əhəmiyyətlidir.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri nəticəsində ölkələrimiz arasında ikitərəfli münasibətlərdə yeni səhifə açıldı.

Deputat söyləyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri də həm iki ölkə arasında münasibətlərin, həm də Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir: “Səfər çərçivəsində müxtəlif sahələri əhatə edən əməkdaşlığın inkişafına dair aktual məsələlər müzakirə edildi. Bu, hər iki ölkənin milli maraqlarının təmin olunması və qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi baxımından böyük önəm kəsb edir”.

Bundan başqa, Prezident İlham Əliyev Qırğız Respublikasının Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşündə iştirakına toxunan baş redaktor səfərin mühüm əhəmiyyətə malik olduğunu dilə gətirib: “Ümumiyyətlə, artıq ənənə halını alan bu tipli görüşlər çoxtərəfli diplomatik münasibətlərin, mədəni, iqtisadi və humanitar əlaqələrin inkişafına xidmət edir. Macarıstanın da bu görüşdə iştirak etdiyini nəzərə alaraq qeyd edə bilərik ki, bu format daha da genişlənir, gələcəkdə daha effektiv əməkdaşlıq və tərəfdaşlıq platformasına çevrilmək potensialına malikdir”.

H.Babaoğlu əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin bütün səfərlərin ortaq cəhəti onların əsasında Azərbaycanın ikitərəfli münasibətlərinin inkişafı, dünyaya inteqrasiya etməsi və ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsində beynəlxalq dəstəyin əldə olunması məqsədlərinin dayanmasından ibarətdir: “Bu istiqamətdə həyata keçirilən intensiv diplomatik təmaslar uğurlu nəticələr verir. Xüsusilə də, Prezident İlham Əliyevin ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri olan Rusiya Federasiyasına səfər etməsi, bu dövlətin Cənubi Qafqazdakı nüfuzundan və Dağlıq Qarabağ münaqişəsinin həlli imkanlarından istifadə etməsi məsələsini aktuallaşdırması olduqca mühümdür. Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən fəal tərəfdaşlıq və əməkdaşlıq diplomatiyası yeni perspektivlər müəyyənləşdirməklə bərabər, eyni zamanda, ölkəmizin dünya iqtisadiyyatına uğurla inteqrasiya etməsinə və beynəlxalq siyasi proseslərdə söz sahibi olan dövlətlərdən birinə çevrilməsinə xidmət edir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə