İqbal Ağazadə siyasətdən gedir TƏRS BAXIŞ

Yaxud, “Ümid” sədri siyasi uğursuzluqları ilə barışmaq niyyətindədir

Uzun müddətdir ki, müxalifət kuluarlarında görünməyən “Ümid” partiyasının sədri İqbal Ağazadənin siyasəti tərk edəcəyi ilə bağlı məlumatlar səslənməkdədir. Belə ki, müxalifətçi partiya sədrinin siyasi uğur əldə edə bilməməsi onun hələ 2015-ci ildə parlamentə keçirilən seçkilərdə uduzması anından başlayıb. Məhz həmin dövrlərdən etibarən, ara-sıra mediada görünən Ağazadə sonradan ümumiyyətlə, bir kənara çəkilərək, heç bir siyasi proseslərə qoşulmur.

İqabal Ağazadə artıq deputat olmadığını yaxşı bilir və müxalifət düşərgəsində olan-qalan etibarının da itirmək üzrədir

Bu arada onu da xatırlatmaq yerinə düşərdi ki, məhz seçkiləri uduzandan sonra onun qarşısına bir neçə problemlər çıxmağa başladı. Misal üçün, hələ seçkilərdən öncə ADP ilə birgə təmsil olunduğu "Qarabağ" siyasi blokundan imtina etdikdən sonra "125"-lər adlı yeni blok yaradan İ.Ağazadə orada da ciddi uğursuzluqdan yaxa qurtara bilmədi. Halbuki o, "Qarabağ" blokunda olarkən, müəyyən siyasi maraqlarını təmin etməyi bacarmışdı, hətta millət vəkili statusunu da əldə etmişdi. Ancaq sonradan onun Sərdar Cəlaloğluya verdiyi vədi tutmaması vəziyyətin kökündən dəyişməsi ilə nəticəsini tapmış oldu. Bununla da adıçəkilən siyasi blok iflasa uğradı. Hətta “Ümid” sədrinin sonradan yenidən bu bloku bərpa etmək istəyi və Ağazadənin Cəlaloğluna etdiyi təklif rədd edildi. Belə ki, yenidən ADP ilə birgə fəaliyyət göstərmək arzusunu gizlətməyən "Ümid" sədri ADP-nin etirazı ilə qarşılaşdı. Daha dəqiq desək, S.Cəlaloğlu İ.Ağazadənin ona etdiyi xəyanəti bağışlamaq fikrində olmadığını açıq-aşkar bəyan etdi. Çünki ADP-də hesab edirdilər ki, "Ümid" partiyası “Qarabağ” blokunu "125"-lər siyasi klubuna dəyişməklə çox böyük səhvə yol verdi. Nəticədə, İ.Ağazadə artıq deputat olmadığını yaxşı bilir və müxalifət düşərgəsində olan-qalan etibarının da itirmək üzrədir. Çünki onun xəyanətə alışmış olduğunu bilən digər müxalif siyasi təşkilatlar da “Ümid”lə əməkdaşlıqdan qəti şəkildə imtina etməkdədirlər.

İstefa verənlərin əksər çoxluğunun ittihamları bənzərdir

Bütün bunların ardınca, “Ümid” partiyasının daxilində də sədrə etimadsızlıq baş qaldırdı və istefalara başlanıldı. Məhz bu gün də istefalar davam etməkdədir. Maraqlı məqamlardan biri də budur ki, istefaya gedənlərin əksər çoxğluğu eyni motivdən çıxış edərək, İ.Ağazadəni avtoritarçılıqda, rejimçilikdə günahlandırır, ümumiyyətlə, siyasi təşkilat daxilində demokratik mühitin aradam çıxarıldığını bildirirlər. Elə də uzağa getməyərək, bir neçə il öncə partiyadan istefa vermiş sədr müavini Həcər Abbaslının sosial şəbəkə üzərindən yazdığı statusunu xatırlaya bilərik. SİTAT: “İstefamı partiya daxili qərarların demokratik yolla qəbul edilməməsi, partiya daxili idarəçiliyinin üzvlərin ictimai siyasi təcrübəsi, fərdi potensialı, perspektivi və ümumkomanda maraqlarının əsasında deyil, sədrin şəxsi münasibətləri zəminində aparılması bu qərarı verməyimə səbəb oldu...”

Daha öncələr istefa vermiş partiya üzvləri Aynur İmranova, partiyanın gənclər təşkilatının sədri Elvin Camalov, Ruslan İzzətli və digərləri də öz istefalarını bənzər ittihamlarla əlaqələndiriblər.

Ümumiyyətlə, bütün bunlardan sonra İ.Ağazadə demək olar ki, sədri olduğu partiyasında etibar edə biləcəyi adam belə, tapa bilmir. Bu amil də belə nəticəyə gəlməyə zəmin yaradır ki, artıq onun bütövlükdə siyasətdən getmək qərarı barədə yayılan məlumatlar həqiqəti əks etdirə bilər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə