Ermənistan parlamentinin sədri də Paşinyanı “yıxıb-sürüdü” ANALİTİK-ŞƏRH

Ara Babloyan: “Cəmiyyətin inqilabçılara və əks-inqilabçılara parçalanması, dözümsüzlük tendensiyası açıq-aşkar görünməkdədir”

“İnanıram ki, xalqın səsi eşidilməlidir, lakin bununla yanaşı, biz qəti şəkildə konstitusiya və qanunlarla ilə hərəkət etməliyik, eyni zamanda, Ermənistan respublikası üzərində öhdəmizə götürdüklərimizə əməl etməliyik”. SİA xəbər verir ki, aysor.am saytı Ermənistan parlamentinin sədri Ara Babloyanın fikirlərinə yer verib. Belə ki, parlament sədri baş nazir Nikol Paşinyanın avqustun 17-də keçirdiyi mitinqdəki çıxışını kəskin tənqid atəşinə tutub və bildirib ki, mövcud vəziyyətdən ciddi narahatlıq keçirir: “Təəssüflə bildirirəm ki, ölkədəki vəziyyətdən ciddi narahatam. Ölkənin normal ictimai-siyasi həyatı, konstitusion hüquqlar, dövlət orqanları və vətəndaş həmrəyliyi təhlükə altındadır, cəmiyyətin inqilabçılara və əks-inqilabçılara parçalanması, dözümsüzlük tendensiyası açıq-aşkar görünməkdədir”.

“Siz, əslində danışmamışdan öncə düşünməyi öyrənməlisiniz”

“Bu narahatlıq xüsusilə baş nazir Paşinyanın çıxışından sonra daha da artıb”, deyə qeyd edən Ermənistan parlamentinin sədri qarşı tərəfin fikirlərini sitat gətirib və həmin fikirlərin doğru olmadığını deyib: “Paşinyan deyir ki, “mən hər kəsə söz deməmişdən öncə fikirləşməyi məsləhət görürəm”. Bu, azad sözə məhdudiyyət qoymaqdır. Siz, əslində danışmamışdan öncə düşünməyi öyrənməlisiniz. Məhz bundan sonra azad ifadə etmək hüququnuz üzərində fikirləşməlisiniz. Etiraf edib ki, baş nazir Paşinyandan təhdid xarakterli bu cür ifadələri eşitmək mənim üçün gözlənilməz oldu”.

“Parlamentdə bənzər müzakirələrin aparılması, qərarların qəbul edilməsi sona çatmayıb”

Erməni spiker Paşinyan tərəfindən “Keçici ədalət” tezisinin irəli sürülməsinə də münasibətini bildirib və qeyd edib ki, belə fikirlər hüquqi çərçivəyə sığmır və qanunlara əksdir. Belə ki, parlament vasitəsi ilə konstitusiyada dəyişikliklərin edilməsi məsələsi hüquqi dövlətə qarşı basqı və təhdiddir.

“Bu, mənim üçün xüsusilə aydın deyil və parlamentdə bənzər müzakirələrin aparılması, qərarların qəbul edilməsi sona çatmayıb”, deyən Ara Babloyan bildirib ki, qeyd edilənlərlə bağlı o, Ermənistan prezidenti, baş nazirlə, hüquq müdafiəçiləri, yuxarı məhkəmə şurası və beynəlxalq diplomatik missiyalarla mövcud vəziyyətlə bağlı görüşməyi planlaşdırır.

“Görünür, 100 gün baş nazirə kifayət etməyib”

Qeyd edək ki, Ermənistan parlamentinin spikeri Ara Babloyan eyni zamanda bəyanatla çıxış edib və Nikol Paşinyanın baş nazirliyinin 100 günü ilə bağlı kəskin fikirlərini ictimailəşdirib. O, Paşinyandan ötən dövr ərzində təhlükəsizliyin təminatı, iqtisadi inkişaf, həyat səviyyəsinin yaxşılaşması, demokratiyanın möhkəmlənməsi proqramlarının təqdimatını, həyata keçirilməsini gözlədiyini deyib və bunların heç birinin reallaşdırılmadığını bildirib. “Görünür, 100 gün baş nazirə kifayət etməyib”, deyə erməni parlament sədri qeyd edib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə