Azər Badamov: “Putin Paşinyanı ciddi siyasətçi kimi qəbul etmir” AÇIQLAMA

Millət vəkili Azər Badamovun SİA-ya müsahibəsi

- Azər müəllim, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı imzalanan konversiya sizcə, Dağlıq Qarabağ münaqişəsinin həllinə hansı imkanlar verə biləcək?

- Ümumiyyətlə, ölkəmizin maraqlarına uyğun beynəlxalq səviyyədə qəbul olunmuş hər bir sənəd Azərbaycanın iqtisadi gücünün artmasına, bizi dəstəkləyən dostlarımızın çoxalmasına, güclənməsinə öz töhfəsini verir. Xəzərin hüquqi statusunu müəyyənləşdirilməsi ilə bağlı imzalanan konvesiyanın ölkəmiz üçün böyük iqtisadi və siyasi əhəmiyyəti olacaqdır. Birinci iqtisadi ona görə qeyd etdim ki, Xəzəryanı ölkələrin Xəzərdə iqtisadi maraqları birinci yerdə durur. Konvensiyanın məhz hər 5 ölkənin iqtisadi maraqlarına uyğun gəlməsi onun siyasi gücünü artırır. Konvensiya Xəzəryanı 5 ölkəni bir-biri ilə qarşılıqlı hörmət əsasında daha çox bağlayır. Bu bağlantı ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına və Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll edilməsində Azərbaycana dəstək olacaqdır. Xəzərin hüquqi statusu haqqında imzalanan konvensiya Azərbaycandan tranzit nəqliyyat dəhlizləri keçdiyinə görə, ölkəmizə hamıdan çox iqtisadi səmərə gətirəcəkdir ki, bu da Azərbaycanın iqtisadiyyatının güclənməsinə xidmət edəcəkdir. Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək “İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir”. Məhz iqtisadiyyatımızın sürətlə güclənməsi ordumuzun inkişafına öz töhfəsini verəcəkdir ki, bu da münaqişənin həll olunmasında Azərbaycana daha inamla hərəkət etməyə imkan yaradar.

- Ermənistandakı xunta və eləcə də bəzi siyasi dairələr Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı imzalanan konversiya ilə Ermənistanın regionda mövcud ağır durumunun bir qədər də dərinləşəcəyini qeyd edirlər. Sizcə, böhranlı durum nəhayət Ermənistanı diz çökdürməyə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə məcbur edə biləcəkmi?

- Təbii ki, bu belə olmalıdır. Çünki, bu gün Ermənistanda cərəyan edən hadisələr bunu deməyə imkan verir. Ermənistandakı iqtisadi tənəzzül və dözülməz həyat şəraiti siyasi hakimiyyətdə olan cinayətkar rejiminin dövlət idarəçiliyindən uzaqlaşdırılmasına şərait yaratdı. Əgər orada iqtisadi inkişaf olsaydı Sarkisyanların və Köçəryanların hakimiyyətdən uzaqlaşdırılması barəsində düşünmək olmazdı. Paşinyan böyük vədlərlə hakimiyyətə gəldi və gördü ki, Ermənistanın iqtisadi gücü ilə heç bir iş görmək mümkün deyil. Ona görə də hələ ki, ölkədəki qaniçən, cəllad rejimini yaradan, əli günaha batmış və cəmiyyətin nifrətinə çevrilmiş köçəryanlar və sarkisyanlarla mübarizə aparmaqla xalqın diqqətin o istiqamətə çəkməklə başını qatır. Bu da müəyyən müddətə qədər davam edəcək və sonra xalq Paşinyandan hər hansı bir sosial-iqtisadi hərəkət istəyəcək. Buna da Paşinyanın imkanı olmayacaq. Yenidən xalq Paşinyana qarşı yönələcək və yeni bir küçə adamı qabağa çıxaraq hakimiyyəti yenidən ələ keçirəcək. Qeyd etmək istəyirəm ki, hər bir siyasi çevriliş Ermənistanın məhvini daha da sürətləndirəcək. Bunun baş verməməsi üçün yeganə yolu Azərbaycanın torpaqlarından əl çəkmək, qonşu ölkələrə ərazi iddiaları qaldırmamaq və Azərbaycanla qonşuluq münasibətləri yaratmaqdan keçir. Xəzərin hüquqi statusu haqqında imzalanmış konvensiya Xəzər regiona sülh və əməkdaşlıq gətirir. Azərbaycanı gücləndirir. Azərbaycanın güclənməsi Ermənistanın iqtisadi blokadasını daha da möhkəmləndirilməsinə imkan yaradır və bu da Ermənistanı içindən dağıdır. Bir müddət keçəndən sonra Ermənistanın nəinki işğal etmiş Dağlıq Qarabağ və onun ətraf rayonları saxlamağa, hətta öz ölkəsini saxlamağa gücü qalmayacaq. Nəticədə Ermənistanı ölkə olaraq dünya xəritəsindən silinməyə doğru aparacaqdır.

- Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığında Dağlıq Qarabağla bağlı müzakirələr aparıldığı qeyd olunur. Sizcə, Putin nəhayət regionda sülhün təmin olunması üçün Paşinyana təsir göstərə biləcəkmi?

- Birinci onu qeyd etmək istəyirəm ki, dünya siyasətçiləri, o cümlədən Putin Paşinyanı ciddi siyasətçi kimi qəbul etmir. Ona görə də bu gün Putinin təsiri ilə bir gün ərzində işğala son qoydurmağını mümkün saymıram. Təbii ki, Putin regionda sülhün təmin olunması üçün Paşinyana təsir göstərə bilər. Həm də düşünürəm ki, sülh yollu ilə torpaqlarımızın işğaldan azad edilməsində də əsas ağırlıq Rusiyanın üzərinə düşür. Çünki, Ermənistanın bir ölkə kimi nəfəs alması bir başa Rusiyanın iqtisadi dəstəyi ilə bağlıdır. Amma bu gün Ermənistandakı mövcud şəraitlə Dağlıq Qarabağ münaqişəsini bir gündə həll etməyə imkan verəcəyini düşünmürəm. Əgər bu gün Paşinyan Azərbaycanla razılığa gəlib torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı sənədə imza atsa Sarkisyanlar və Köçəryanlar yenidən hərəkətə keçərək hakimiyyəti işğal edəcəklər. Qarabağ klanının yenidən hakimiyyətə qayıtması mövcud vəziyyətin sülh yolu ilə nizamlanmasını çətinləşdirər və müharibə qaçılmaz olar. Ona görə Paşinyan Ermənistanda təmizləmə işləri aparmalı, özünə əks çıxa biləcək qüvvələri neytrallaşdırmalı. Cəmiyyəti yavaş-yavaş sülhə hazırlamalı və sülh yolu ilə ərazi iddialarından əl çəkməlidir. Düşünürəm ki, bu belə də olacaqdır. Çünki, Ermənistanın alternativ yolu yoxdur. Güclü iqtisadiyyatı və ordusu olan Azərbaycanın qabağında Ermənilər bundan sonra uzun müddət dözə bilməzlər.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə