Paşinyanın uğursuz fəaliyyəti Ermənistanı məhvə aparır

Küçə "demokrat"ın avantürist fəaliyyəti bunu təsdiqləyir

Bu gün Ermənistan ağır və çətin günlərini yaşayır. Reallıq odur ki, Nikol Paşinyan baş nazir olduğu bu 3 ay müddətində, Ermənistanı ac-yalavac vəziyyətinə salıb. İşğalçı ölkəni bu vəziyyətdən çıxarmaq üçün işğal etdikləri Qarabağı Azərbaycana qaytarmalıdırlar.

Baş nazirin müharibə elanı kimi fikirlər səsləndirməsi ilə bağlı ekspertlər bildirirlər ki, Paşinyanın dərhal Qarabağa baş çəkməsi Ermənistanın yeritdiyi siyasət fonunda heç də təəccüblü deyil. Ola bilər ki, Paşinyan əhalinin əhval-ruhiyyəsinə uyğun hərəkət edir və elan edir ki, erməni siyasəti dəyişməzdir.

Ekspertlər onu da vurğulayırlar ki, hərçənd, Ermənistandakı problemlərin yeganə səbəbi cinayətkar klanın hakimiyyəti və korrupsiya deyil. Ermənistanın düşdüyü bərbad vəziyyət Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır.

Rusiyalı politoloq Andrey Yepifantsev bildirir ki, yaxın zamanda Paşinyan xalqın kumirindən uğursuz liderə çevriləcək: " Qarabağ və qondarma erməni "soyqırımı" prinsipindən imtina etmədən, blokadadan çıxmadan iqtisadiyyatı inkişaf etdirmək mümkün deyil. Bu 3 ay ərzində Paşinyan iqtisadiyyata yeni heç nə gətirməyib və bundanq sonra da, heç nə gətirməyəcək. O, Ermənistanın siyasi tələblərindən də imtina etmir, nəticədə, Ermənistanı iqtisadi kollapsa aparır. Paşinyanın proqramı, Ermənistanı təcriddə saxlayan digər proqramlar kimi, uğursuzluğa məhkumdur. Demək ki, ictimaiyyətdə neqativ əhval-ruhiyyə güclənəcək və yeni kumir axtarılacaq".

Ekspertin sözlərinə görə, Ermənistanın potensial baş naziri təbiətcə fəraridir, buna görə də, seçiləndən sonra hara qaçacağını bu başdan demək olduqca çətindir. Dağlıq Qarabağda və onunla bağlı durum Nikol Paşinyandan asılı olmayacaq. Çünk Paşinyan hakimiyyətdə qalmayacaq.

Paşinyanın absurd fikirləri

"Ermənistan hakimiyyətində mövcud olan quldur dəstələr tam zərərsizləşdirilməyib. Bu səbəbdən, növbədənkənar parlament seçkilərinin keçirilməsinə ehtiyac var". Bu fikirləri Nikol Paşinyan baş nazir seçilməsinin 100 günü ilə bağlı təşkil etdiyi mitinqdə deyib. Ermənistanın baş naziri bildirib ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün konstitusiyaya düzəlişlər ediləcək. Növbədənkənar seçkilər yalnız baş nazir vəzifədə olduğu təqdirdə keçiriləcək. Paşinyan qeyd edib ki, quldur dəstə parlamentdən də tam uzaqlaşdırıldıqdan sonra ölkədə stabillik əldə oluna bilər.

N.Paşinyanın səsləndirdiyi fikirləri şərh edən erməni siyasi ekspertləri bildiriblər ki, Paşinyan da bundan əvvəlki hökumət başçıları kimi, yalan vədlər verib baş nazir postuna gəldi. İndi isə problemin həll olunmamasını Ermənistanın ağır iqtisadi vəziyyəti ilə əlaqələndirməyə çalışır. Sadəcə olaraq, "məxməri inqilab" zamanı xalqa qəhrəman lazım idi. Paşinyan da bu vəziyyətdən istifadə etdi.

Eyni zamanda, siyasi ekspertlər qeyd ediblər ki, parlamentdə çoxluğun respublikaçılarda olması Paşinyanı narahat edir. Bu səbəbdən, parlamentdəki çoxluğu əldə etmək üçün növbədənkənar seçkilərin keçirilməsini istəyir. Ekspertlərin fikrincə, eks-prezident Robert Koçaryanın həbsdən çıxması daşnakların və respublikaçıların fəallaşmalarına səbəb olub. Bu da yaxın zamanda tərəflər arasında böyük siyasi mübarizənin olacağından xəbər verir.

Mübariz Əhmədoğlu: "Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiya-Ermənistan münasibətləri bütün tarixi boyu belə gərgin vəziyyətdə olmayıb"

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu qeyd edib ki, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiya-Ermənistan münasibətləri bütün tarixi boyu belə indiki kimi gərgin vəziyyətdə olmayıb: "Paşinyan KTMT-nin başında oturanı, bilərəkdən, Qərbə xoş gəlmək məqsədilə cinayətkara çevirdi. Cəmi 1 gün dözmədi. Paşinyanın Rusiyanın Ermənistandakı iqtisadi strukturlarını dağıtması, Kremlə bağlı olan erməniləri Ermənistandan uzaqlaşdırması, Dağlıq Qarabağ məsələsində anti-erməniliyi gücləndirən NATO ilə əlaqələrini daha da intensivləşdirməsi Kremlin xoşuna gəlmir. İndiki halda, Ermənistanda ən arzuolunanı, Paşinyan hansı qaydada hakimiyyətə gəlibsə, təxminən ona bənzər qaydada hakimiyyətdən rədd olmasıdır. Bu işi Ermənistanın müdafiə naziri David Tonoyan reallaşdıra biləcəyi təqdirdə, Şoyqunun ondan xoşu gələ bilər, münasibəti müsbətə tərəf dəyişə bilər. D.Tonoyanın aktivliyi, avantüradan asılılığı bu variantı istisna etmir. 2016-cı ilin aprel döyüşləri, məhz Ermənistanın müdafiə naziri D.Tonoyanın avantüra idi. Artıq 2016-cı ilin aprel döyüşlərinin nəticəsi Ermənistanda da heç kəsdə şübhə doğurmur. David Tonoyan xaraktercə avantüraya və şantajdan asılı olan şəxsdir".

Beləliklə bütün bu reallıqlar onu təsdiqləyir ki, Ermənistanın müstəqil dövlət olması hələ mümkün deyil və Paşinyan hakimiyyətinin sərsəm, avanturist çıxışları və fəaliyyəti onu göstərir ki, bu vəziyyət uzun müddət davam etməyəcək. Haradasa qırılma nöqtəsi vardır. Ermənistanın da bu acı taleyi yaşamamaq üçün yeganə çıxış yolu erməni silahlı quldur dəstələrinin işğal etdikləri Azərbaycan ərazisini tərk etməsidir.

Eyni zamanda, Ermənistanın baş naziri Paşinyan dialoq mədəniyyətinə yiyələnməlidirlər. Onun kobud, yöndəmsiz və radikal ritorikaları Ermənistanın quyusunu daha dərindən qazmaqdan başqa heç nəyə xidmət etmir. Bununla, o da özünü, bütövlükdə, fəlakətə sürükləyir.

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə