Armen Minasyan Nikol Paşinyanın yalanını üzə çıxardı İDDİA

“Baş nazir xarici turistlər hesabına kütləvi miqrasiya faktını gizlətməyə çalışır”

Ermənistanın tanınmış politoloqlarından olan Armen Minasyan ölkəsinin milli statistika xidmətinin rəsmi məlumatını analiz edib və belə nəticəyə gəlib ki, baş nazir Nikol Paşinyanın avqustun 17-də keçirdiyi mitinqində ölkəyə geri dönənlərin gedənlərdən daha çox olması bəyanatı həqiqəti əks etdirmir. SİA aysor.am-a istinadən xəbər verir ki, Minasyan öz Facebook səhifəsində bununla bağlı yazıb: “Baş nazir Nikol Paşinyan vəzifəyə gəlişinin 100-cü günündə özünün ən vacib uğurunu miqrasiyanın qarşısını kəsməsində görür”.

Erməni politoloqu Paşinyanın bu iddiasına qarşı rəsmi məlumatlarla çıxıb. Onun sözlərinə görə, cari ilin may ayının 10-dan avqustun 14-ə qədər Ermənistana 29986 nəfər insan daxil olub, bu rəqəmdən artıq isə ölkəni tərk edib. Ötən ilin analoji dövründə ölkəni tərk edənlərin sayı daxil olanlardan 6000 nəfər çox olub. Son 3 ayda ötən ilin analoji dövrü ilə müqayisədə Ermənistana 3400 nəfər xarici vətəndaş daxil olub.

Minasyana görə reallıq onadır ki, birinci kvartalda hökumətə Karen Karapetyan rəhbərlik edirdi və Nikol Paşinyan baş nazirlikdən çox uzaqda idi. Erməni politoloq bildirib ki, əslində, Paşinyanın baş nazirliyi dövründə insanların Ermənistana daxilolma sayı azalıb. Beləliklə, rəsmi mənbələrə istinad edən Armen Minasyan bildirib ki, 2018-ci ilin ilk yarımilliyində Ermənistanı ölkə sənədləri ilə 839.0 min insan tərk edib, 788.2 min nəfər isə ölkəyə daxil olub. “Bir sözlə, təxmini olaraq, 50.8 min Ermənistan vətəndaşı ölkəni tərk edərək, geri dönməyiblər”, deyə politoloq bildirib. Araşdırmalarının davamını ictimailəşdirən erməni politoloquna görə, öncəki hakimiyyət zamanı Ermənistanı 2.7 min nəfər tərk edib, mövcud Paşinyan hakimiyyəti dövründə isə 48.1 min nəfər ölkədən gedib: “Maraqlıdır ki, Karen Karapetyanın baş nazirliyi dövründə mənfi saldo ötən ilkinə nisbətdə yaxşılaşıb, ancaq Nikol Paşinyan hökumətində növbəti dəfə pisləşib. Bütün mənalarda demək mümkündür ki, bu il ölkəni 50 min nəfər Ermənistan vətəndaşı tərk edib və onların ilin sonuna qədər geri dönüb-dönməyəcəkləri məlum deyil, yaxud bu rəqəm daha da çoxalacaq”.

Minasyan sonda qeyd edir: “Əslində, qeyd edilənlərlə yanaşı, Nikol Paşinyan bir tərəfdən hələ Karen Karapetyanın hökumətinin turizim və sərnişindaşımada əldə etdiyi rəqəmləri mənimsəyir, digər tərəfdən, ölkəyə daxil olan xarici turistlər hesabına kütləvi miqrasiya faktını gizlətməyə çalışır”.

RÖVŞƏN

Bütün xəbərlər Facebook səhifəmizdə