Müşfiq Ələsgərli: “Azərbaycan internetin əlçatımlığını təşkil edib” AÇIQLAMA

“Azərbaycana qarşı təzyiq və təxribat kampaniyaları yeni deyil, müstəqillik qazandığımızdan, demokratik inkişaf yoluna qədəm qoyduğumuz gündən başlayan bu kampaniyalar fasiləsiz olaraq davam edib”. Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, sadəcə, forma dəyişib: “Ölkəmizin müstəqil siyasət yürütməsini həzm edə bilməyən, "forpost" olmaması ilə barışa bilməyən, inkişafını gözü götürməyən güclərə ölkəmizə qarşı təzyiq və təxribat kampaniyalarını bu gün də davam etdirirlər. Son olaraq bu kampaniyalar üçün internet media resurslarından, əsasən isə, sosial şəbəkələrdən daha çox istifadə olunur. Bu isə təsadüfi deyil. Çünki, internet, sosial şəbəkələr elə müstəvidir ki, burada anonim hesablardan istifadə etmək olur, yalançı adlarla, saxta profillərlə iş görülür, xaricdə gizlənib ölkəiçi auditoriyaya nüfuz etmək olur və sair. Digər tərəfdən, Azərbaycan demokratik ölkə olaraq internetin əlçatımlığını təşkil edib, sosial şəbəkələrdə, digər platformalarda ifadə azadlığı təmin edilib. Düşmən güclər də bu mühitdən bir silah kimi istifadə etməyə, demokratik azadlıqlar üçün qurulmuş platformanı əks məqsədlər üçün istifadə etməyə çalışırlar. Əgər hansısa məhdudlaşdırıcı addımlar atılsa onda da dünyaya həşir salacaqlar ki, bəs Azərbaycanda ifadə azadlığı pozulur. Deməyim budur ki, düşmən güclər elə hiyləgər bir plan qurublar ki, onlara qarşı tədbir görülsə də, görülməsə də ölkəyə ziyan dəyir. Hər halda, onlar belə düşünürlər. Amma Azərbaycan tərəfi onların hiyləsini ifşa edə bildi, təmkinli, rasional tədbirlər görməklə, bu kampaniyaları iflasa uğrada bildi. Azərbaycan tərəfinin bu kampaniyalara qarşı işlətdiyi metod bu oldu ki, daxildə güclü təbliğat işi quruldu: əhaliyə nələr baş verdiyi barədə düzgün məlumat çatdırıldı, ictimai rəy düzgün istiqamətləndirildi. Nəticə də göz qabağındadır. Prezident seçkisi zamanı, xaricdən aparılan təbliğatların ziddinə olaraq, ölkədə sabitlik oldu, xalqın namizədi ötən seçkilərlə müqayisədə daha çox səs topladı. Həmçinin, Mingəçevir, Gəncə olayları zamanı aranı qatmaq istəyən, ölkədə xaos, üsyan ovqatı yaratmaq istəyənlərin də planları iflasa uğradıldı. Sevindirici haldır ki, xaricdən idarə olunan kampaniyaların iflasa uğradılmasında, ölkə daxili ictimai rəyin düzgün istiqamətləndirilməsində media cəmiyyətinin də böyük rolu var. Media təmsilçiləri həm çalışdıqları KİV-lərdə, həm də sosial şəbəkələrdə aktiv fəaliyyət göstərməklə, düşmənə qarşı sədd qurmaqla anti-Azərbaycan kampaniyaların iflasa uğradılması üçün töhfələr verdilər. Arzu ediləndir ki, bu həmrəylik, bu aktivlik davam etsin. Çünki, düşmənin hiyləsi, davamlı kampaniyaları hələ bitməyib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə