“Dövlətimizə qarşı aparılan kampaniyaların tutarlı cavabı verilməlidir” AÇIQLAMA

“Dövlətimiz əleyhinə aparılan və heç bir əsası olmayan qarayaxma kampaniyalarına qarşı hər bir Azərbaycan vətəndaşı öz mövqeyini açıq şəkildə ortaya qoymalıdır”. Bunu SİA-ya açıqlamasında “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib.

Onun sözlərinə görə, təbii ki, mətbuat nümayəndələri olaraq bizim bu məsələdə fəallığımız xüsusilə vacibdir: “Çünki, bu qarayaxma kampaniyasını həyata keçirənlər Azərbaycanda söz və ifadə azadlığından istifadə edərək sosial şəbəkələr vasitəsilə cəmiyyətimizdə dövlətimizə qarşı hansısa ictimai rəy formalaşdırmağa çalışırlar. Təbii ki, bu cəhdlərin böyük əksəriyyəti hər zaman uğursuzluqla nəticələnib. Çünki Azərbaycan dövlətinin əsası vətəndaşların həmrəyliyinə, sağlam düşüncə tərzinə əsaslanan təməl üzərində qurulub. Bununla belə, yenə də dövlətimizə qarşı aparılan kampaniyaların tutarlı cavabı verilməli, baş redaktorlar səviyyəsində ortaq mövqe ortaya qoyulmalıdır. Çünki, cəmiyyətimizdə ictimai rəyi formalaşdıran əsas vasitə məhz mətbuat orqanlarıdır. Buraya həm çap, həm internet, həmdə televiziya mediası daxildir. İnsanlarımızda dövlətimiz haqqında düzgün təsəvvür formalaşdırmaq, gənclərimizdə vətənpərvərlik, dövlətə bağlılıq hisslərini daha da gücləndirmək bizim vəzifə borcumuzdur. Bu səbəbdən, hər birimiz - tək baş redaktorlar yox, həm də media sahəsində çalışan bütün jurnalistlər sosial şəbəkələrdə daha fəal olmalı, bu cür anti-təbliğat kampaniyalarına qarşı tutarlı dəlillərə və arqumentlərə əsaslanan ciddi maarifləndirici materiallar hazırlamalıdır. Bu məqsəd ətrafında nə qədər sıx birləşsək, əldə olunacaq nəticədə bir o qədər uğurlu alınacaq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə