Xainlər diaspora nümayəndəsi tərəfindən ifşa olundu! FOTOLAR

Naibə Hacıyeva: “Hələ indiyə kimi siz xalqa, vətənə cüzi qədər də olsa xeyir vermədiniz...”

Məlum olduğu kimi, Almaniya kansleri Angela Merkel avqustun 23-də Cənubi Qafqaza səfər edəcək. Səfər çərçivəsində xanım Merkel Azərbaycanda da olacaq və rəsmi görüşlər keçirəcək. Bu isə Avropadakı, xüsusən Almaniyadakı antimilli qüvvələri narahat etməyə başlayıb. Onlar Berlində Angela Merkelin qərargahı önündə Azərbaycan siyasi hakimiyyətinə qarşı aksiya keçirməyi planlaşdırıblar. Məhz bu baxımdan, sosial şəbəkələrdə çağırışlar edərək sağlam düşüncəli cəmiyyəti, ictimai rəyi yanlış yerə sürükləməyə, çaşqınlıq yaratmağa cəhdlər göstərirlər. Söz yox ki, belə xainləri, dövlət maraqlarını satanları heç bir dövlət və xalq, normal düşüncəyə malik zümrələr qəbul etmir. Bu kimi emosional, aqressiv və antimilli qüvvələrin hər hansı siyasi təsir güclərinin olmaması da dəfələrlə sübuta yetirilib. Onların postseçki dövrlərində, eləcə də digər əhəmiyyətli siyasi hadisələr ərəfəəsində sosial şəbəkələrdə var-gəl etmələri sadəcə, iflasa uğrayıb. Digər tərəfdən, bu gün Alman dövləti də çox gözəl bilir ki, belələri öz maraqlarına görə “küçə müxalifətçiliyi” edirlər.

“Hələ indiyə kimi siz xalqa, vətənə cüzi qədər də olsa xeyir vermədiniz, əksinə ancaq zərər verirsiniz”

SİA xəbər verir ki, Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, fəal diasporaçı və vətənpərvər Naibə Hacıyeva “Facebook” səhifəsində bu kimi insanları – Orduxan Teymurxanı, Tural Sadıqlını, Məhəmməd Mirzəlini və digər xainləri ifşa edib. O bildirib ki, bu insanların hələ də kimə və nəyə, hansı iyrənc bir quruma işlədikləri bəlli deyil: “Üzümü o insanlara tutub deyirəm: bu çirkli əməllərinizdən əl çəkin! Bir neçə insanı yanlış yola çəkməklə, siz onları uçuruma aparırsınız. Hələ indiyə kimi siz xalqa, vətənə cüzi qədər də olsa xeyir vermədiniz, əksinə ancaq zərər verirsiniz. O ki, qaldı xanım Merkelə, ona qarşı şəxsən mənim və mənim kimi milyonlarla insanların çox böyük hörməti var. O, Almaniya üçün çox işlər görüb”.

“NPD”, “Pegida” və sairə...Bunlar Hitlerin qollarıdır”

“Bütün bunlara baxmayaraq, Almaniyada da bir neçə müxalif qurum var”, xatırladan diasporaçı qeyd edib: “Məsələn, “NPD”, “Pegida” və sairə. Bu partiyalarda olanlar da sizin kimi küçələrə tökülür, “Facebook”da, “YouTube”də xanım Merkeli diktator adlandırırlar. Lakin və hər zaman böyük bir qisim alman xalqı bunlara qarşı çıxır. Çünki bunlar Hitlerin qollarıdır”.

“Bu insanlar hər zaman çirkli işlərlə məşğul olublar, asan yollarla pul qazanmağa can atıblar”, deyə qeyd edən Naibə Hacıyeva digər bir ilginc məqama da toxunaraq deyib ki, belələri alman olsalar da, yazıb-oxumaları yoxdur, öz vətənləri Almaniyada işsizdirlər: “Buna da Almaniyada hərtərəfli çox zəif insanlar deyirlər”.

“Mən sizi, Azərbaycanın üz qaralarını, həmin bu Hitlerin davamçılarından olan Lutz Baçmann kimilərə bənzədirəm”

Diaspora nümayəndəmiz həmçinin deyib ki, əqidəsi zəif olan insanların beynini yumaq, yanlış yola çəkmək çox asandır: “Almaniyada da sizin kimilərdən var, məsələn Lutz Baçmann deyə qara bir ulduz var. O da xanım Merkeli yıxmaq istədi, amma bacarmadı. Qara ulduz Lutz Baçmann xanım Merkelə qara PR apardığı üçün hətta İngiltərə belə, onu öz dövlətinə girməyə qadağa qoydu. Mən sizi, Azərbaycanın üz qaralarını, həmin bu Hitlerin davamçılarından olan Lutz Baçmann kimilərə bənzədirəm. Lutz Baçmann da özünü “müxalifətçi” adlandırır. Bəsdirin, yetər artıq. Gözəl və qürurverici işlərlə məşğul olun. Xanım Merkel sizin də “Pegida” kimilərdən olduğunuzu bilir. Boş yerə insanları aldadıb yollara tökməyin, heç bir şey əldə edə bilməyəcəksiniz. Bəli, Azərbaycan xalqı həmrəydir, dövlətimiz, bayrağımız, dövlət başçımız Vətənimizin rəmzidir. Əminəm ki, xalqımız hər zaman öz rəmzini qoruyacaq, Vətəninə, dövlətinə zərər vurmaq istəyən sizin kimilərə imkan yaratmayacaqlar. Var olsun Azərbaycan dövləti, yaşasın Azərbaycan xalqı!”

Xatırladaq ki, Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, fəal diasporaçımız N.Hacıyeva dəfələrlə Avropada yaşayan antimilli xəyanətkarları ifşa etdiyinə görə, qarşı tərəfdən təhdidlərə məruz qalıb. Lakin buna baxmayaraq, Azərbaycanın dövlətçilik maraqlarını hər zaman müdafiə edib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə