Xəzər Konvensiyası erməni iqtisdçısının gözü ilə DÜŞMƏN ETİRAFI

Vaqe Davtyan: “Mən, iki əsas təhlükəni göstərə bilərəm: hərbi-siyasi və iqtisadi”

Ermənistanın energetika üzrə eksperti Vaqe Davtyan hesab edir ki, Xəzər Konveniyası Ermənistanın regiondakı hərbi-siyasi, eləcə də iqtisadi əhəmiyyətini itirir. SİA xəbər verir ki, ölkəsinin Birinci Kanal portalına müsahibə verən V.Davtyana görə, Xəzər Konvensiyası Ermənistanın maraqlarına birbaşa təsir göstərməsə də dolayı yollarla bir sıra risklər mövcuddur: “Mən, iki əsas təhlükəni göstərə bilərəm: hərbi-siyasi və iqtisadi. Çox yəqin ki, Konvensiya Ermənistanın əsas olaraq, hərbi-siyasi əhəmiyyətini itirir, birinci növbədə Rusiya üçün”.

İqtisadi risklərə gəlincə, erməni ekspertinə görə, Xəzər Konvensiyası tənzimləyici mexanizmlər sistemidir ki, burada Azərbaycan-İran və Azərbaycan-İran-Rusiya iqtisadi əməkdaşlığı nəzərdə tutulur: “Biz, burada beynəlxalq nəqliyyat dəhlizi kimi “Şimal-Cənub” faktorundan danışa bilərik ki, Qəzvin-Rəşt-Astara olmaqla, İran-Azərbaycan dəmir yolunu keçəcək və Ermənistanı kənarda qoyacaq”.

V.Davtyan daha bir nüansa toxunaraq bildirib ki, digər məsələ də Ermənistanı ciddi təhlükə altında qoyur. Erməni ekspert İran-Ermənistan-Gürcüstan-Rusiya elektrik enerjisi dəhlizinin böyük sual altında qaldığını bildirib: “Belə ki, 2018-ci ilin yanvarından başlayaraq, Bakı, Tehran və Rusiya Azərbaycanın üzərindən keçməklə, məhz bu logistik marşrut üzrə rəsmi fikir mübadilələri təşkil edirlər”.

Erməni iqtisadçı bu fonda Azərbaycan-İran arasında enerji sektorundakı əməkdaşlığın da kifayət qədər diqqət çəkdiyini deyib. Davtyanın sözlərinə görə, bu yaxınlarda İran Azərbaycandan elektrik enerjisi almağa başlayıb, bununla yanaşı bəyan edilib ki, artıq bu istiqamətdə Ermənistanla İran arasındakı barter müqaviləsinə də ehtiyac qalmır və elektrik enerjisi Gürcüstana ixrac ediləcək.

“Biz, faktiki olaraq, çox əhəmiyyətli bazarı itirmiş oluruq”, deyə bildirən V.Davtyan hətta Konvensiya qəbul edilməsəydi belə, bütün bunların baş verməli olduğunu etiraf edib. O, hesab edir ki, mövcud Konvensiya bu tendensiyanın daha da güclənməsinə şərait yaradır. “ Bütövlükdə, Konvensiya bir sıra siyasi məsələlərlə yanaşı, Xəzər regionundakı anti-erməni lobbisinə güclü təkan verəcək”, erməni iqtisadi eksperti bildirib.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə