Azərbaycan-Qırğızıstan əlaqələri müzakirə edilib

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov bu ölkənin Prezident Aparatının xarici siyasət şöbəsinin müdiri Daniyar Sıdıkovla görüşüb. SİA xəbər verir ki, D.Sıdıkov cari il sentyabrın 3-də Qırğızıstanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammitinin keçiriləcəyini bildirərək bu tədbirin qardaş türk dövlətləri arasında münasibətlərin inkişafı üçün yeni mərhələnin başlanğıcı olacağına ümid etdiyini vurğulayıb. Bu Sammitin TDƏŞ-in yaradılmasının 20 illiyi ərəfəsində keçiriləcəyini söyləyən şöbə müdiri qeyd edib ki, Sammitin ən yüksək səviyyədə təşkil olunması üçün qırğız tərəfi bütün lazımi tədbirləri həyata keçirir.

Sammitin əhəmiyyətindən danışan Hidayət Orucov bildirib ki, Azərbaycan və Qırğızıstan prezidentləri arasındakı xoş münasibətlər ölkələrimizin ikitərəfli əlaqələrinin inkişafında mühüm rol oynayır.

Səfir sentyabr ayının 2-dən 8-dək İssık-Kul gölünün sahilində keçiriləcək III Dünya Köçərilər Oyunlarında Azərbaycan nümayəndə heyətinin də geniş tərkibdə iştirak edəcəyini deyib. I və II Dünya Köçərilər Oyunlarında Azərbaycanın yüksək səviyyədə təmsil olunduğunu xatırladan diplomat diqqətə çatdırıb ki, həmin tədbirlərdə ölkəmizdən çoxsaylı idmançı və görkəmli mədəniyyət xadimləri iştirak ediblər.

Ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini söyləyən səfir deyib ki, müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur. “İki ölkə arasında son illərdə humanitar sahədə əməkdaşlıq üzrə çox işlər görülüb. Həm Bişkekdə, həm də Bakıda mühüm mədəniyyət tədbirləri keçirilib. Azərbaycanın görkəmli mədəniyyət xadimləri Üzeyir Hacıbəylinin, Rəşid Behbudovun, Qara Qarayevin, Mir Cəlal Paşayevin, Anarın yubileyləri və digər mədəniyyət tədbirləri Qırğızıstanda yüksək səviyyədə təşkil edilib. Bu tədbirlər Qırğızıstan ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb”,- deyə diplomat vurğulayıb.

Türk dünyasının görkəmli yazıçısı, ictimai-siyasi xadim Çingiz Aytmatovun Azərbaycanda çox sevildiyini qeyd edən səfir deyib ki, Azərbaycan Prezidentinin tapşırığı ilə yazıçının 80 və 85 illik yubileyləri ölkəmizdə yüksək səviyyədə keçirilib, bu il də yazıçının 90 illiyi münasibətilə ölkəmizdə silsilə tədbirlər təşkil olunacaq.

Azərbaycan və Qırğız xalqları arasında tarixi bağlılığın olduğunu qeyd edən şöbə müdiri bildirib ki, biz hər zaman və hər yerdə bir-birimizi müdafiə etməliyik.

Görüşdə Qırğızıstan-Azərbaycan əməkdaşlığının indiki vəziyyəti və perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıb, aktual məsələlər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə