Cəbhəçilərlə müsavatçıları suçlayanlar bir araya gəlsələr TƏRS BAXIŞ

Yaxud, düşərgəni xilas etmək istəyənlər nə etməlidirlər?

Ənənəvi müxalifət düşərgəsinin zaman-zaman birlik və s. bənzər qurumlarda bir araya gəlmələrinə rəğmən, bu qurumların ömürləri çox qısa olub. Lakin daha bir məqam ondan ibarətdir ki, həmin birliklərin dağılmasında əsas olaraq, AXCP və Müsavat partiyaları göstərilir. Demək olar ki, bütün parlament və prezident seçkiləri ərəfəsində adıçəkilən partiyalar bir-birlərinə qarşı olan antipatiya hisslərindən dolayı bütövlükdə müxalifətin birliyinə köklü zərbələr vurublar. Söz yox ki, siyasətlə maraqlanan ictimai kəsim bugünkü “Milli Şura”nın da aqibətini “İctimai Palata” və ondan öncəki birliklərin iflası kontekstində görməkdədir.

VHP sədri Sabir Rüstəmxanlı: “Ümummüxalifət hərəkatı bizim arzumuz olsa da, bunun da yaranması real görünmür”

Bu arada, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rütəmxanlının hələ bir neçə il öncə dediyi fikirlərini xatırlamaq olar. Məsələn, Rüstəmxanlı “Milli Şura” yaradılmamışdan öncə siyasi düşərgədə qısa müddətli fəaliyyət göstərmiş və şəxsi mənafe, eləcə də ambisiyalar nəticəsində dağılmış “İctimai Palata”nın məhvini cəbhəçilərlə müsavatçılarda görüb. “Ümummüxalifət hərəkatı bizim arzumuz olsa da, bunun da yaranması real görünmür”, deyən VHP sədrinə görə, bütün bunların baiskarı AXCP-Müsavat düşmənçiliyidir: “Açığını deyim ki, bu hərəkatın yaranmasına mane olan həmişə AXCP və Müsavat partiyası olub. Yəni bu partiyaların ikisinin bir araya gələ bilməməsi həmişə birlik istəklərini reallaşdırmağa imkan verməyib”.

“AXCP ilə Müsavatın qarşılıqlı ittihamları və bir-birini qəbul etməməsi həmişə müxalifət düşərgəsində ciddi parçalayıcı amil olub”

S.Rüstəmxanlı tarixə qısa ekskurs edərək, bəzi misalları da gətirib və baş verən hər bir qarşıdurmanın parçalayıcı faktor olduğunu deyib: “Vaxtilə Demkonqresin, SİDSUH-un və digər qurumların dağılmasında da onlar rol oynayıb. AXCP ilə Müsavatın qarşılıqlı ittihamları və bir-birini qəbul etməməsi həmişə müxalifət düşərgəsində ciddi parçalayıcı amil olub. Etiraf etməliyik ki, seçkidə müxalifət düşərgəsinin bir yerdə olması həlledicidir. Amma bununla yanaşı, seçkini təqdim olunan namizədin xalq arasındakı nüfuzu da udur. Bu mənada hansısa partiyadan daha çox, namizədin kimliyi də vacibdir. Təəssüf ki, indiyə qədər müxalifət daxilində aparılan mübarizələr, bu düşərgədə üzdə olan adamlarımız əsassız yazılarla, ittihamlarla çirkləndirilib”.

AXCP və Müsavatı siyasi arenadan çıxdaş da edə bilərlər

Göründüyü kimi, müxalifətin siyasi məhvə doğru sürüklənməsinin günahkarları hər dəfə AXCP və Müsavat partiyaları və bu siyasi təşkilatların liderləri göstərilir. Nəinki VHP sədri S.Rüstəmxanlı, eləcə ona qədər bir çox müxalifət partiyalarının sədrləri, aparıcı funksionerləri bu mövzudan çıxış ediblər. Lakin bundan nəticə çıxarmayan radikal və ambisioz cəbhəçilərlə müsavatçılar əksinə, daha da aqressivləşir, onları müxalifəti parçalamaqda, bir araya gələ bilməməkdə suçlayanları az qala “vətən xaini” hesab edirlər. Halbuki, dövlətin siyasi və s. maraqlarını da satan məhz bu partiyaların “liderləri” olublar.

Bu arada, onu da qeyd etmək olar ki, düşərgənin siyasi uğur əldə edə bilməməsini iddia edən bir sıra müxalifət partiyaları əslində, bir araya gələrək, onlara zərbə vuran, siyasi maneələr yaradan AXCP və Müsavatı siyasi arenadan çıxdaş da edə bilərlər. Lakin görünür, hələ ki, buna getməyə tələsmirlər. Və əgər tələsmirlərsə, demək ki, bir sıra günahları özlərində də axtarmalıdırlar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə