Pənah Hüseyn müxalifəti yenidən birləşdirmək arzusundadır AÇIQLAMA

Müxalifət partiyalarının dağılması reallığa çevrilməkdədir. Çünki, partiyalararası qarşıdurmalarla yanaşı təşkilatların daxilində də funksionerlərarası gərgin çəkişmələr mövcuddur. Düzdür AXP sədri Pənah Hüseyn müxalifət düşərgəsində hökm sürən ağır, böhranlı durumu aradan qaldırmaq üçün yenidən birlik modelinin yaradılması ideyası ilə çıxış edib. Bunu SİA-ya açıqlamasında “Azadlıq Hərakatçıları” İctimai Birliyinin sədri Təhmasib Novruzov deyib.

T.Novruzovbildirib ki, müxalifətin texnoloqu qismində tanınan P.Hüseynin arzuları növbəti dəfə iflasa uğrayacaq: “Müxalifət partiya yetkililəri mehriban düşmənlər olsalar da xarici sifarişləri yerinə yetirmək məsələsi ortaya çıxanda birləşməyə çalışırlar. Onlar heç zaman bir-birinə səmimi olmayıblar. Sadəcə olaraq, müxalifət liderlərinin özlərinə sərf edəndə və xarici qüvvələrin tapşırığı olanda onlar hansısa bir məsələ ilə bağlı bir araya gəlirlər. Amma bu da çox uzun çəkmir. Yəni müxalifət düşərgəsində yeni blokunun yaradılması planlaşdırması onların xeyrinə heç nəyi dəyişməyəcəkdir. Çünki onların Azərbaycan xalqı tərəfindən heç bir siyasi dəstəyi yoxdur. Demək olar ki, müxalifətin mövcudluğu cəmiyyət üçün də maraqlı deyil”.

“Azadlıq Hərakatçıları” İctimai Birliyinin sədri onu da bildirib ki, müxalifətin uğursuzluğa düçar olmasında AXCP ilə Müsavat arasında ara verməyən savaşında mühüm rol oynadığını söyləyib: “Bu savaşın əsas səbəbi müxalifət düşərgəsində birincilik əldə etməkdir. Bu da birliyin pozulmasına və düşərgə daxilində ciddi problemlərin yaranmasına gətirib çıxarır. Müxalifət partiya sədrləri bu gün siyasi fəaliyyətlərində ancaq özlərinin maddi maraqlarını güdürlər. Yəni bu şəxslər üçün partiya maraqları yox, özlərinin şəxsi maraqları daha üstündür. Müxalifət düşərgəsində birinin digəri ilə yola getməməsi, biri digərini sıradan çıxartmaq uğurunda apardığı mübarizə də, müxalifət düşərgəsində birinci olmaq iddialarını reallaşdırmaqdır”

T.Novruzov onu da bildirib ki, dağıdıcı müxalifət partiya sədrləri və digərləri yaramaz hərəkətləri, anormal əməlləri ilə heç zaman cəmiyyətdə özlərinə siyasi divident qazana bilməyəcəklər: “Çünki ilk öncə radikal müxalifətin xalq tərəfindən heç bir dəstəyi yoxdur. Digər tərəfdən təmsil olunduqları partiyalarda belə sıravi üzvlər tərəfindən qəbul edilmirlər. Belə olan halda nə isə adi bir məsələdən öz maraqları üçün yararlanaraq onda şou düzəldib diqqət mərkəzində olmağa çalışmaq heç vaxt onlara baş ucalığı gətirməyəcəkdir. Onlara ancaq boşboğazlıq etmələri qalacaq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə