ABŞ-la Türkiyə arasında gərginliyi necə azaltmaq olar? ŞƏRH-ÖZƏL

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında naməlum şəxslər ABŞ-ın Türkiyədəki səfirliyinin binasını atəşə tutublar. Hadisə yerində 5-6 dəfə silah səsi eşidilib. Cinayətkarlar dərhal hadisə yerini tərk ediblər. Polis silahlı şəxslərin axtarışına başlayıb. Bəs görəsən ABŞ-Türkiyə arasında nə baş verir? Müttəfiqlər arasında münasibətlərin bu səviyyəyə gəlib çıxmasının səbəbləri nədir? Məsələ ilə bağlı SİA-ya açıqlama verən siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, müttəfiq ölkələr arasında münasibətlərin gərginləşməsi təəssüfedici faktordur. Onun sözlərinə görə, baş verənlər nə ABŞ, nə də Türkiyənin maraqlarına xidmət etmir.

“Türkiyəyə qarşı yürüdülən siyasət Qərb dəyərlər sisteminin parçalanması deməkdir”

Siyasi şərhçi söyləyib ki, əslində Türkiyəyə qarşı yürüdülən siyasət nəticə etibarı ilə Avro Atlantik alyansın parçalanmasına gətirib çıxara bilər ki, bu da bizim Qərb adlandırdığımız dəyərlər sisteminin bütövlükdə parçalanması və uçuruma yuvarlanması deməkdir: “Bir sıra Avropa İttifaqı ölkələrinin liderləri yaranan vəziyyətin nə qədər təhlükəli olduğunu başa düşürlər. Almaniyanın kansleri Angela Markel və Fransanın prezidenti Emmanuel Makronun yaranan vəziyyətlə bağlı təəssüfləndikləri və problemin həlli istiqamətində müəyyən addımlar atmağa çalışdıqlarını xüsusilə qeyd etmək istəyirəm. Bu onu sübut edir ki, Türkiyə və ABŞ münasibətlərində yaranan ziddiyyətlər bütövlükdə Avro Atlantik Alyansın təhlükəsizliyinə çox ciddi zərbə vurur”.

“ABŞ-ın Türkiyəyə sərt addımlar atılmasını istəyən qüvvələr var”

E.Mirzəbəyli bildirib ki, ABŞ prezidenti Donald Trampın bütövlükdə Türkiyəyə qarşı siyasəti birləşmiş ştatların özündə də prinsip etibarı ilə qəbul olunmur: “Bunun təkcə birləşmiş ştatların müttəfiqlərinə qarşı sərt addımlar atmasını arzulayan qüvvələr, Türkiyəyə qarşı düşmən mövqedə dayanan qüvvələr istəyirlər. Yalnız onlar iki dövlət arasında münasibətlərdə ziddiyyətlərin dərinləşməsində maraqlıdırlar ”.

“Burada erməni lobbisi aktiv iştirak edir”

Siyasi şərhçi qeyd edib ki, nəzərə çarpan digər fakt burada erməni lobbisinin aktiv şəkildə fəaliyyət göstərməsidir: “Onlar Konqresdəki əlaqələrindən istifadə edərək ABŞ və Türkiyə arasında gərginliyin daha da artırmaq niyyətlərini ortaya qoyurlar. Onların nəzarətində və əlaqəli olan mətbuat orqanlarında, KİV-lərdə yayılan məlumatlarda təəssüf olsun ki, islamofobiya ilə bağlı faktorlar da nəzərə çarpır. Xüsusilə də Türkiyəyə qarşı münasibətlərdə radikal və digər ifadələr işlədilməkdədir. Hesab edirəm ki, bu kifayət qədər təhlükəli faktordur. Amma bütövlükdə ABŞ-ın əksər nüfuzlu kütləvi informasiya vasitələri Türkiyə ilə münasibətlərdə yaranan gərginlikdən narahatlıqlarını bildirir və ABŞ prezidentini də dərhal bu ritorikaya son qoymağa çağırırlar”.

ABŞ-ın Türkiyədəki səfirliyinə açılan atəş ciddi siqnaldır”

E.Mirzəbəylinin fikrincə, ABŞ-ın Türkiyədəki səfirliyinə atəş açan qüvvələrin arxasında kimlərin dayandığı dərhal tapılmalıdır: “Burada iki faktor var. Səfirlik bildiyiniz kimi həmin dövlətin ərazisi, torpağıdır. Əgər ora atəş açılırsa, bu artıq onun təhlükəsizliyinə açılan atəşdir və bu ciddi siqnaldır. Düşünürəm ki, Türkiyə tərəfindən bu nəzərə alınacaq. Görünür hansısa qüvvələr eyni addımların ABŞ-da təkrarlanmasına çalışır”.

“Türkiyə-ABŞ münasibətlərinin gərginləşməsində maraqlı olmayan dövlətlər müəyyən tədbirlər həyata keçirməlidirlər”

Siyasi şərhçi əlavə edib ki, Türkiyədə nəyin bahasına olursa-olsun bayraq, dolların yandırılması kimi aksiyalar dayandırmalı, eyni zamanda birləşmiş ştatlara qarşı məqsədyönlü şəkildə bəzi qüvvələrin stimullaşdırdığı radikal çağırışlara son qoymaq lazımdır: “Bu məsələlər ABŞ-dakı ermənipərəst dairələrin maraqlarına xidmət edir. Onlar belə kadrlardan, çağırışlardan istifadə edərək Türkiyəni düşmən obrazı kimi təqdim etməyə çalışırlar. Həssas bir məqamdır və hesab edirəm ki, bu məqamda daha soyuqqanlı rəftara ehtiyac var. Eyni zamanda çox yaşı olardı ki, Qərb liderləri, xüsusilə də Türkiyə-ABŞ münasibətlərinin gərginləşməsində maraqlı olmayan dövlətlər daha çevik addımlar atsınlar və münasibətlərin daha da gərginləşməməsi üçün müəyyən tədbirlə həyata keçirməyə çalışsınlar”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə